YENİ
DÜNYA DÜZƏNİ ŞƏRAİTİNDƏ
MƏRKƏZI
ASIYA REGİONU GEOSİYASİ MARAQLAR SİSTEMİNDƏ
Açar sözlər: Yeni dünya
düzəni, Mərkəzi Asiya, dünya dövlətləri, geosiyasət, maraqlar
Ключевые слова: Новый мировой порядок, Центральная Азия, мировые
державы, геополитика, интересы
Keywords: New world order, Central
Asia, world states, geopolitical, interests
SSRİ-nin
dağılması, digər ittifaq respublikaları ilə birlikdə Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan və Tacikistanın da müstəqillik əldə etməsi ilə
dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər Mərkəzi Asiya regionunda bir
qədər əvvəlki dövrdən tamamilə fərqli yeni geosiyasi vəziyyətin formalaşmasına
səbəb oldu. Həyata keçirilməsinə XVIII əsrdən başlanmış və XIX əsrin sonunda
başa çatdırılmış, Rusiya tarixçilərinin bir qisminin “imperiyanın xarici
sərhədlərinin formalaşmasının başa catması” kimi qələmə verməyə çalışdıqları
hadisələr nəticəsində region Rusiyanın nüfuz dairəsinə daxil edildi. 1917-ci
ildə Rusiyada monarxiyanın devrilməsindən sonra hakimiyyətə gələn bolşeviklərin
millətlərə “öz müqəddəratlarını təyin etmə hüququ” verəcəkləri haqda vədlərinə
baxmayaraq, 1917 - 1922-ci illərdə bu dəfə də sovet Rusiyası regionun ikinci işğalını
gerçəkləşdirdi. Və beləliklə, 1991-ci ildə SSRİ-nin dağılmasına qədər Mərkəzi
Asiya regionu dünya dövlətləri üçün bağlı regiona, ümumiyyətlə hər cür geosiyasətdən
uzaq bir əyalətə çevrildi. 1991-ci ildə SSRİ-nin dağılması ilə isə onun bu mahiyyətində
dəyişikliklər baş verməyə başladı, region böyük dünya dövlətlərinin
maraqlarının kəsişdiyi mühüm mərkəzlərdən biri oldu. Amerikalı politoloq Z.Bjezinski
ele hesab edir ki, bütünlükdə Avrasiya regionuna təsir imkanlarına görə Mərkəzi
Asiya regionu Qafqaz və Əfqanıstanla birlikdə “Avrasiya Balkanları” hesab oluna
bilər (1, s.161-195). Belə ki, əslində
bütün dünyada qüvvələr balansının necə olmasına Mərkəzi Asiya dövlətlərində
hadisələrin hansı istiqamətdə inkişaf etməsinin əhəmiyyətli dərəcədə təsiri ola
bilir. Öz növbəsində, dünyanın aparıcı dövlətlərinin, həmçinin region
dövlətlərinin xarici siyasət fəaliyyətləri Mərkəzi Asiyada baş verən proseslərə
təsir edən mühüm amillərdən biridir. Hazırki məqalədə dünyanın böyük
dövlətlərinin Mərkəzi Asiya regionunda maraqları, həmçinin Mərkəzi Asiya
dövlətlərinin özlərinin maraqları və bu maraqların təmin olunması istiqamətində
fəaliyyətləri nəzərdən keçiriləcək.
XX əsrin
90-cı illərinin əvvəllərində müstəqilliklərini yeni əldə etmiş Mərkəzi Asiya
dövlətləri beynəlxalq münasibətlər sistemində öz yerlərini müəyyənləşdirərkən 3
müxtəlif istiqamət qarşısında qalmış oldular. Bunlar: Rusiya istiqaməti, Mərkəzi Asiya istiqaməti və xarici istiqamət
idi. Rusiya istiqaməti Mərkəzi Asiya
dövlətlərinin keçmiş Sovet İttifaqı çərçivəsində
birliyini və gələcəkdə onların Rusiya ilə əməkdaşlığını; Mərkəzi Asiya istiqaməti xalqların mədəni və etnik ümumiliyi
əsasında regional birliyini və inteqrasiyasını; xarici istiqamət isə Mərkəzi
Asiya dövlətlərinin geniş xarici siyasət fəaliyyəti seçimini və onların
dünyanın digər dövlətləri və regionları ilə münasibətlərini nəzərdə tuturdu. İlk vaxtlarda müstəqillik
abu-havasını yeni yaşamağa başlayan region dövlətlərinin əksəriyyəti Rusiya
istiqamətindən imtina etdilər. Bu dövrdə Rusiya dövləti özü də daha çox daxili problemlərinin
(siyasi hakimiyyətin möhkəmləndirilməsi, iqtisadi islahatların keçirilməsi və
s.) həlli istiqamətində fəaliyyətə daha çox diqqət yetirməyə məcbur olmuşdu.
İkinci istiqamət olan Mərkəzi Asiya regional birliyi ideyası da özünü
tam olaraq döğrultmadı. Belə ki, region dövlətlərinin bu birlikdə yeri və rolu
məsələlərinin müəyyənləşdirilməsində kəskin fikir ayrılığı özünü göstərdi. Və
nəhayət, üçüncü – xarici istiqamət. Bu istiqamət Mərkəzi Asiya dövlətlərinin
geniş xarici siyasət fəaliyyəti seçimini, onların dünyanın digər dövlətləri və
regionları ilə münasibətlər qura bilmə imkanlarını nəzərdə tuturdu. Siyasi müstəqilliyin hər bir
dövlətə özünün maraqlarından çıxış edərək müstəqil şəkildə xarici siyasət
prioritetlərini müəyyənləşdirməsinə imkan verəcəyinə ümid edən Mərkəzi Asiya
dövlətləri bu istiqamətə üstünlük verdiklərini bildirdilər. Lakin eyni zamanda,
hər bir dövlətin xarici siyasət prioritetlərində müəyyən fərqliliklər də özünü
göstərirdi. Bəzi dövlətlər xalqlarının dini-mənəvi ümumiliklərinə əsaslanaraq
İslam dövlətləri ilə əməkdaşlığı ön plana cəkdilər (Özbəkistan, Tacikistan), digərləri
Sakit okean regionu ölkələrinin iqtisadi inkişaf və nailiyyətlərini daha
cəlbedeci hesab etdilər (Qazaxıstan, Türkmənistan), üçüncülər isə maliyyə
yardımına böyük ümid bəslədikləri dünyəvi Qərb ölkələrinə (Qırğızıstan)
istiqamət göturdülər (2, s.255, s.263, s.268; 3, s.83, s.92, s.101-102).
Ümumiyyətlə, SSRİ-nin
dağılmasından sonra həm Mərkəzi Asiyada, həm də onun hüdudlarından kənarda
çoxları belə hesab edirdilər ki, bu dövlətlərin gələcək inkisaf yollarının
seçilməsində İslam amili mühüm rol oynayacaq. Belə ehtimallar eşidilməyə başlanmışdı
ki, Mərkəzi Asiyada Türkiyənin “dünyəvi İslam”ı ilə İranın “radikal İslam”ı
arasında kəskin mübarizə olacaq. Lakin bu ehtimallar özünü doğrultmadı. Bu isə
öz növbəsində digər bir fikri bir daha təsdiq etdi: geopolitika beynəlxalq
münasibətlər sistemində mühüm rol oynayır, yəni ölkələrin fiziki coğrafiyası,
yerləşdikləri coğrafi məkan onların digər dövlətlərlə siyasi, iqtisadi və digər
əlaqələrinin qurulmasında daha çox önəm verilən amillərdir, nəinki etnik, yaxud
dini, mədəni yaxınlıq.
Okeanlardan
və sahilboyu dövlətlərdən uzaqda yerləşməsi Mərkəzi Asiyanı heç də qlobal
problemlərdən də uzaqlaşdıra bilmir. Mərkəzi Asiya regionunda cərəyan edən
hadisələrə təsir edən əsas amillərdən biri dünyanın aparıcı dövlətlərinin regiondakı
xarici siyasət fəaliyyətinin aktivliyidir. Mərkəzi Asiya ərazisində Avrasiyanın
Orta Şərq, Asiya – Sakit okean, Cənubi Asiya və Avropa regionlarının, həmçinin
dünyanın bütün böyük dövlətlərinin maraqları toqquşur. Strateji rəqabətin
güclənməsi regionda yeni ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Lakin
artıq bu ziddiyyətlər əvvəllər olduğu kimi ideoloji ziddiyyətlər deyil,
geopolitik və iqtisadi xarakterli ziddiyyətlərdir (4). Nəticədə isə, Mərkəzi
Asiya regionu dövlətləri özləri təbii sərvətlərlə zəngin olmalarına baxmayaraq,
hər tərəfdən problemli dövlətlərlə əhatə olunduqlarına görə bu sərvətləri ixrac
etməkdə çətinliklərlə qarşılaşırlar və bu səbəbdən hələ də istədikləri inkişaf
səviyyəsinə çata bilmirlər.
Mərkəzi Asiya
regionunun geopolitik vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən dövlətlərdən
danışarkən qeyd etmək lazımdır ki, regionda geosiyasi mübarizə bir tərəfdən
ABŞ, digər tərəfdən isə Rusiya, Çin və qismən də İran arasında gedir. Bəzi qərb
analitikləri məhz bu üç dövlətin Mərkəzi Asiya ərazisində XIX əsrdə baş vermiş
“Böyük oyunu” müasir dövrün qaydalarına uyğun bərpa etmiş olduqları
qənaətindədirlər (5). Bu dövlətlərdən başqa həmçinin Türkiyə, İran, Pakistan,
Hindistan və Avropa Birliyi ölkələri də regionda cərəyan
edən hadisələrə təsir
göstərə bilmə imkanlarına malikdirlər. Mərkəzi Asiyanın inkişafı məsələlərini
nəzərdən keçirdiyimizdə, regionalizm prinsipi diqqəti cəlb edir, yəni region
ölkələrini özlərinin spesifik siyasi-iqtisadi siyasətləri olan Avrasiya
materikinin əsas mərkəzləri arasında
yerləşmiş vahid geosiyasi məkan kimi nəzərdən görmək mümkündür (4).
İndi isə dövlətlərin hər birinin regiona təsir
imkanlarını ayrı-ayrılıqda nəzərdən keçirək. Rusiya və Çin tarix boyu regiona çox mühüm təsir gücünə malik
olublar. SSRİ-nin dağıldığı ilk illərdə Rusiyanın regiona marağının
zəifləməsinə baxmayaraq, o, hər zamankı kimi bu dövrdə də Mərkəzi Asiyanı
Avropa ilə birləşdirən həlqə olmuşdur. Avropadan Mərkəzi Asiyaya və əksinə
edilən heç bir cəhd Rusiyanın iştirakı olmadan mümkün deyil. Rusiya Mərkəzi
Asiyada özünün prioritet marağı kimi əfqan-İslam amilinə qarşı mübarizəni göstərir.
Bundan başqa Rusiya regionun enerji daşıyıcılarının nəqli məsələsində maraqlı
olduğunu açıq şəkildə nümayiş etdirir. Bildirir ki, regionun neft-qaz
ehtiyatlarının mənimsənilməsində, boru-ixrac kəmərlərinin inşa olunmasında,
istismarında, nəqlində iştirak edən digər dövlətlər kimi, regionda iştirak onun
üçün də iqtisadi məsələdən daha çox siyasi məsələdir, daha çox regionda mövcud
vəziyyətə nəzarət baxımından əhəmiyyətlidir (4).
Bir sıra qərb ekspertləri SSRİ dağıldıqdan sonra
Rusiyanın regionda əvvəlki nüfuza malik olmadığı haqda fikirlərini təsdiq etmək
üçün region dövlətlərinin 1992-ci ilin yanvarında ATƏT-ə üzv olduqlarını, NATO
ilə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduqlarını qeyd edirlər (4). Amma
bu, məsələnin yalnız bir tərəfidir. Əslində, Mərkəzi Asiya dövlətləri özlərinin
təhlükəsizliklərini təmin etmək üçün NATO ilə “Sülh naminə tərəfdaşlıq”
proqramı çərcivəsində, Rusiya ilə “Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı” çərçivəsində, Rusiya və Çinlə Şanxay Əməkdaşlıq Təşkilatı
çərçivəsində əməkdaşlıq edirlər (6). Bundan başqa, Rusiyanın Tacikistan və
Qırğızıstan ərazisində hərbi bazaları mövcuddur. Rusiyanın Tacikistan
ərazisində hərbi bazalarını yerləşdirməklə regionda geosiyasi maraqlarının
təmin olunmasında bu dövlətə önəm verdiyini açıq şəkildə nümayiş etdirdiyini
qeyd edən mütəxəssislər var. Lakin Rusiya bunun heç də Tacikistanın regionda
həlledici dövlət olduğu anlamına gəlməli olmadığını, sadəcə regional
təhlükəsizliyin təmin edilməsi zəncirində növbəti halqalardan biri olduğunu
bildirir.
Digər bir fikirə görə, Rusiya XX əsrin 90-ci
illərində zəifləmiş olan nüfuzunu 1999-cu ildə enerji daşıyıcılarının
qiymətinin yüksəlməsindən sonra yenidən bərpa edə bilib. Belə ki, XX əsrdə
enerjidaşıyıcıları geosiyasətin əsas simvoluna çevrilib. Artıq dövlətlər
özlərinin hərbi və siyasi güclərindən daha çox enerji daşıyıcılarına sahib
olmaları ilə təsir gücü qazanmış olurlar. Hazırda enerji daşıyıcıları yalnız
təsir vasitəsi kimi deyil, eyni zamanda ölkənin hərbi, siyasi, iqtısadi,
texniki və mədəni “güc”ünün göstəricisi olaraq qəbul edilir. Bu gün Rusiyanın
nəhəng neft-qaz ehtiyatlarına sahib olması, sovet dövründə nüvə silahına malik
olması ilə eyni təsir gücünə malikdir (7).
Asiya – Sakit
okean və Çənubi Asiya regionlarında əhəmiyyətli təsir gücünə malik olan Çin SSRİ-nin dağılmasından sonra Mərkəzi
Asiya regionuna da təsir edə bilmə imkanı əldə edib. Özünün coğrafi mövqeyinə
görə, Çin Mərkəzi Asiya və Asiya – Sakit okean regionlarını birləşdirən körpü
rolunu oynayır. Bu isə başqa sözlə o demək olur ki, Mərkəzi Asiya regionunun enerji
daşıyıcılarının Asiya – Sakit okean regionu bazarlarına çıxarılması regionda Çinin
rolunun artmasına səbəb olacaq. Geopolitiklər arasında Çinin regiona
münasibətdə siyasəti ilə bağlı bir-birinə tamamilə zidd olan iki fikir mövcuddur.
I.Bəzi
mütəxəssislərə görə, Çin Mərkəzi Asiya istiqamətində maraqlarını çox da açıq
şəkildə göstərmir. Lakin bu heç də o demək deyil ki, onun belə maraqları
yoxdur. Belə yanaşma hər nədən əvvəl onunla bağlıdır ki, Çin üçün Asiya – Sakit
Okean regionunda olan maraqları daha
önəmlidir. Bundan başqa, Çin dəfələrlə bəyan edib ki, regionun yeni müstəqil
dövlətləri ilə dostluq, qonşuluq
münasibətlərinin qurulması ilə bərabər, həmçinin Rusiya ilə də dostluq əlaqələrinin olması onun üçün
əhəmiyyətlidir. Çinin SSRİ-nin dağılması ilə yaranmış hər hansı “boşluğu
doldurmaq” kimi məqsədi yoxdur. Çinin Mərkəzi Asiyada çox da fəal olmamasının
daha bir səbəbi kimi, Sintzyan Uyğur Müxtar Vilayətində islamçılıq və separatçılıq əhval-ruhiyyəsinin yayılacağından
ehtiyat etdiyi də göstərilir. Bu məsələ ilə bağlı daha bir maraqlı fikir
ondan ibarətdir ki, əslində Çin beynəlxalq aləmin diqqətinin Sintzyan Uyğur Muxtar Vilayətinə, orada baş verən
hadisələrə cəlb olunmasını istəmədiyindən Mərkəzi Asiya istiqamətində passivlik göstərir (4). Ola
bilsin ki, bu yanaşmada müəyyən qədər həqiqət var. Belə ki, Çində baş
verən bəzi digər məsələlər (məsələn, Tibet hadisələri, daxili bazarın
tənzimlənməsi məsələsindəki problemlər və s.), onsuz da onun beynəlxalq imicinə
kifayət qədər zərər vurur, qərb dövlətlərinin ölkənin daxili işlərinə qarışması
cəhdlərinə səbəb olur. Bu baxımdan Çinin daha bir problemlə diqqət cəlb etmək
istəməməsi başa düşüləndir. Çinin Mərkəzi Asiya siyasətinə daha bir baxışın
müəllifləri olan qazax və qırğız politoloqları, onun “passiv siyasət yeritməsi”
ilə bağlı bir qədər fərqli fikirlər irəli sürürlər. Onlar belə hesab edirlər
ki, Çin onların dövlətlərinə münasibətdə “sürünən işğal” siyasəti həyata
keçirir. Yəni, Qazaxıstanla və Qırğızıstanla
sərhəd rayonlarında Çin əhalisinin yüksək miqrasiyası müşahidə olunur. Əslində bu, daha çox ölkə daxilindəki ağır
vəziyyətlə əlaqəlidir. Dövlətin bu miqrasiya ilə əlaqəsi yoxdur. Lakin
son vaxtlar Çin Mərkəzi Asiya istiqamətində siyasətini bir qədər fəallaşdırıb. Daha çox iqtisadi xarakterli
əlaqələrə üstünlük verilir ki, bunlar ticarətə investiya qoyuluşunun
artırılması, nəqliyyat dəhlizlərinə maraq, Mərkəzi Asiyadan yanacaq
ötürücülərinin çəkilməsi, bazar münasibətlərinin tənzimlənməsi şəklində özünü
göstərir. Çin bununla bir neçə problemini həll etməyə çalışır. Xarici
siyasətdə: Asiya – Sakit okean regionunda daha fəal siyasət həyata keçirmək
imkanı əldə etmək üçün mövcud problemlərini həll etməyə; yeni narazılıq
ocaqlarının meydana çıxmasının qarşısını almağa və region dövlətləri ilə davamlı
əlaqələrin qurulmasına cəhd edir. Bundan başqa, Avropa İtiifaqı ilə
əlaqələrinin genişləndirilməsi məqsədilə kommunikasiya xətlərinin çəkilməsi
istiqamətində fəaliyyətini genişləndirir. Ölkə daxilində: ölkənin iqtisadi
baxımdan ən az inkişaf etmiş vilayəti olan Sintzyan Uyğur Muxtar Vilayəti ərazisindən
boru kəmərlərinin çəkilməsi ilə vəziyyəti sabitləşdirmək məqsədinə nail olmaq
istəyir.
II yanaşmaya
görə isə, Çinin Mərkəzi Asiya regionu ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri mövcuddur və
bu münasibətlər yüksələn xətt üzrə sürətlə inkişaf edir. Regionun
təhlükəsizlik məsələlərində də maraqlar üst-üstə düşür. Belə ki, 1992-ci ilin yanvarında region dövlətlərinin
müstəqilliklərini tanıyan Çin dövlətinin, tez bir zamanda onlarla diplomatik əlaqələr də qurduğu qeyd edilir
və bundan sonra əlaqələrin daha nizamlı və intensiv xarakter aldığı göstərilir. 2001-ci ildə Şanxay Əməkdaşlıq
Təşkilatının yaranması ilə dövlət və hökumət başçılarının hər il
müntəzəm görüşlərinin keçirildiyi qeyd olunur. 2002-ci ildə Çin – Qazaxıstan və Çin – Qırğızıstan arasında mehriban qonşuluq,
dostluq və əməkdaşlıq haqda müqavilələrinin imzalandığı göstərilir.
Həmçinin iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu,
ticarət sahəsində böyük uğurlar əldə edildiyi göstərilir. Bundan başqa,
təhlukəsizlik məsələlərində Mərkəzi Asiya dövlətlərinin Tayvan, Tibet və
Şərqi Türküstan məsələlərdə Çinlə həmrəy olduqları qeyd edilir. Həmçinin qeyd
olunur ki, Çin Mərkəzi Asiya regionu ölkələri ilə münasibətlərini həm mövcud
ənənələri, həm də müasir xüsusiyyətləri nəzərə almaqla qurur (8).
ABŞ enerji daşıyıcıları sahəsində əməkdaşlığın Rusiya ilə Çinin
yaxınlaşmasına səbəb ola biləcəyindən ehtiyat edir. Belə ki, Rusiya
dünya üzrə ən böyük daş kömür hasil edən, Çin
isə ən
çox daş kömür istifadə edən ölkələrdirlər. Bundan başqa, bu dövlətlərin qonşu
olmaları, onlar arasında əlaqələrin çox asan, sadə və təhlükəsiz reallaşmasına
şərait yaradır. İki ölkə arasında energetika sahəsi üzrə strateji əməkdaşlıq
nəinki mümkündür, hətta qaçılmazdır. Bu isə, ABŞ-ın regiondakı maraqlarına
ciddi hədə ola bilər (7).
Mərkəzi Asiya
ölkələrinin cöğrafi baxımdan təcrid olunmadan qurtara bilmələrinə yardım edəcək
üçüncü dövlət İrandır. Qeyd etmək
lazımdır ki, regionun əsas təbii ehtiyatlarının Xəzər dənizi hövzəsində toplanması
baxımdan, İran Xəzər dənizi hövzəsi ölkələrini
Fars körfəzi ilə, Orta Asiyanı Mərkəzi və Cənubi Asiya ilə əlaqələndirən həlqə
kimi çox mühüm əhəmiyyət kəsb edir. Lakin Qərbin, ilk növbədə isə ABŞ-ın
İrana tətbiq etdiyi sanksiyalar səbəbindən Mərkəzi Asiya enerji daşıyıcılarının
İran ərazisi ilə ixracı üçün investisiya cəlb etmək mümkün deyil, İranın özünün
isə bu məsələni reallaşdırmağa kifayət edəcək
qədər vəsaiti yoxdur. Ümumiyyətlə, belə hesab olunur ki, regionda geosiyasi
iştlrakını təmin edə bilmək üçün
İranın əməkdaşlıq edə biləcəyi ölkələr sırasına Rusiya, Çin, Hindistan
və Avropa dövlətləri aid edilə bilər. İranın regionda ənənəvi rəqibləri də
olmamış deyil – Pakistan, Səudiyyə Ərəbistanı və müəyyən dərəcədə Türkiyə.
Analitiklərin qənaətinə görə, İran cəmiyyətində
artmaqda olan ideoloji parçalanma, adlarını qeyd etdiyimiz ölkələr və ABŞ-la
davam etməkdə olan ziddiyyətlər onun Mərkəzi Asiya regionu ilə bağlı uzun
müddətli siyasət yeritməsinə mane olacaq səbəblərdir (4).
SSRİ-nin
dağılmasına qədər iki qütblü olan dünyanın sonradan Amerikanın lider olduğu bir
qütblü dünyaya çevrilməsi haqda fikirlə demək olar ki, əksər tədqiqatçılar
razıdırlar. Lakin bununla razılaşmayıb, əksinə SSRİ-nin dağılmasından sonrakı
dünyanın çox qütblü olduğunu iddia edənlər də var. Bu fikrin tərəfdarlarına
görə, Mərkəzi Asiya ilə həmsərhəd regionlar müxtəlif xarakterlidirlər. Məsələn,
Asiya – Sakit okean regionu çox qütblüdür və
bu regionda Yaponiya, Çin və Rusiya ABŞ ağalığına qarşı dayanmağa çalışırlar.
Adətən yüksək gərginliyin hakim olduğu Yaxın
və Orta Şərqdə ABŞ üstün mövqeyə malikdir. Cənubi Asiyada Hindistan ABŞ
ağalığına qarşı dayanmağa çalışır. Lakin öz növbəsində Çin və Pakistan da
Hindistana əks mövqe nümayiş etdirirlər. Avropa isə Şərqi Avropa və Baltikyanı
ölkələrin də NATO-ya üzv olmasından sonra tamamilə ABŞ-ın dominantlığı altındadır. Lakin bütün bü iddialara baxmayaraq
bir məsələni diqqətə almamaq mümkün deyil: Mərkəzi Asiya ətrafı regionlarda nə baş verirsə versin, bütün
məsələlərdə ABŞ aparıcı, bəzən isə hətta həlledici mövqe nümayiş
etdirir. Bu isə o deməkdir ki, yeni dünya düzəninin necə olacağı haqda
mübahisələrin hələ də davam etdiyinə baxmayaraq, atlantizm, yaxud avrasiyaçılıq
fikrlərinin üstün olacağından asılı olmayaraq, özünün iqtisadi və hərbi-siyasi
imkanlarına görə ABŞ hələ də dünya ağalığına iddia edə biləcək yeganə super
dövlətdir.
Yeri gəlmişkən, region dövlətləri olan Hindistan və Pakistan
arasındakı rəqabət haqda maraqlı bir məqamı diqqətə çatdırmaq istərdik. Hər
iki dövlət nüvə dövləti olmaqla regionda söz sahibi olmağa çox iddialıdırlar.
Pakistanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin möhkəmlənməsi bir
tərəfdən onun Cənubi Asiya regionunda təsir gücünün artmasına kömək edə bilər,
digər tərəfdən isə Hindistana qarşı mübarizəsində “qardaş müsəlman
dövlətləri”nin dəstəyini qazanmış olar. Və nəhayət, digər region dövlətləri
Türkiyə və İranla mübarizədə mövqeləri daha
da güclənmiş olar. Bu baxımdan Pakistan Mərkəzi Asiya dövlətləri ilə siyasi-iqtisadi
əməkdaşlığının intensivləşməsində maraqlıdır və məqsədinə regionun nəqliyyat
əlaqələrinin formalaşmasında iştirakla nail olmaq istəyir. Qeyd edək ki,
Pakistan Əfqanıstan ərazisindən keçməsi nəzərdə tutulan magistral yollara
xüsusi əhəmiyyət verir. Lakin Pakistanın öz maraqlarını təmin etməsi
istiqamətində fəaliyyətinə mane olan bir çox səbəblər var ki, bunlar da –
maliyyə çatışmazlığı, ölkə daxili siyasi sabitliyin olmaması, Hindistanla
ziddiyyətlər və əfqan
münaqişəsinə cəlb olunmasıdır. Əfqan istiqaməti ümümiyyətlə Pakistanın xarici siyasətinin mühüm
istiqamətlərdən biridir. Hətta belə fikirlər mövcuddur ki, Pakistan öz
maraqlarını təmin etmək üçün Taliban hərəkatının yardımından istifadə də edir. Lakin Əfqanıstanda hazırki vəziyyət, islamçı
qruplaşmaların Mərkəzi Asiya dövlətlərinə artan təzyiqi və
qeyri-sabitlik Pakistanın onlarla əlaqələrinin qurulmasına mane olur və hətta,
müəyyən dairələrdə, Pakistanın təcrid olunmasına gətirib çıxara biələcəyi haqda
fikirlər də eşidilməyə başlanıb. Hindistan mövcud vəziyyətdən özünün xeyrinə
istifadə etməyə çalışır. Belə ki, regionun müsəlman ölkələri arasında kifayət
qədər həmrəyliyin olmamasından istifadə edərək, ayrı-ayrılıqda onların hər
birini İranla əlaqələri inkişaf etdirməyin, həmçinin təbii ehtiyatlarının
İranın tranzit xidmətlərindən istifadə etməklə ixracının daha faydalı ola
biləcəyinə inandırmağa çalışır (1, s.181). Ümumilikdə, Hindistanın Mərkəzi
Asiya ilə əlaqələrinin göstəricisi olaraq 1999-cu ildə Hindistan Xarici İşlər
nazirinin regiona səfəri göstərilir ki, bu səfərlər çərçivəsində Hindistanın
region dövlətləri ilə ümumi maraqlarının olduğu xüsusi qeyd edilmişdi –
regional təhlükəsizlik məsələləri, əfqan məsələsinin nizamlanması, dini
ekstremizm, terrorçuluq və narkobiznes əleyhinə mübarizə. Hindistanın nüvə
ölkəsi olduğu, əhalisinin sayına görə dünyada Çindən sonra 2-ci yerdə olduğu,
müasir texnologiyalara sahib olduğu, bunlardan əlavə nəqliyyat layihələrinə
cəlb olunması nəzərə alınaraq, bir müddət sonra onun regionda nüfuzunun
artacağı ehtimalları irəli sürülür. İstisna edilmir ki, Hindistan bölgədə
Rusiya, Çin və ABŞ-ın maraqlarının balanslaşdırılmasında da mühüm rol oynaya
bilər (4).
Qərbi Avropa
ABŞ-la müttəfiqdir və bütün məsələlərdə onunla daha çox əməkdaşlıq etməyə
üstünlük verir, nəinki rəqabətə. Bu, həmçinin regionda maraqları olan Türkiyəyə də aiddir. ABŞ regionun enerji
daşıyıcılarının nəqli məsələlərində Türkiyəyə böyük önəm verir. ABŞ belə hesab
edir ki, Qafqaz və Əfqanıstan ərazisindən keçməsi nəzərdə tutulan nəqliyyat
dəhlizlərindən başqa, bütün digər layihələr region dövlətləri olan Rusiya, Çin,
yaxud İranın mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər ki, bu da heç cür
onun maraqlarına uyğun deyil. Geosiyasi baxımdan Türkiyə ABŞ-ın NATO üzrə
müttəfiqidir və ABŞ bundan istifadə edərək onu regionda Amerika siyasətinin həyata
keçirilməsində əsas dövlət olaraq görür (4).
Bu yanaşma özünü XX əsrin 90-cı illərinin əvvəllərində də açıq
şəkildə göstərirdi. Belə ki, müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya
dövlətləri özlərinin gələcək inkişaf strategiyalarını müəyyənləşdirərkən ciddi
seçim qarşısında qalmışdılar: yaranmış şəraiti düzgün qiymətləndirməli, dünya siyasətinin
güc mərkəzləri arasındakı (ABŞ, Avropa Birliyi, Rusiya, Şərqi Asiya ölkələri)
mənafe və maraq çəkişmələrində özlərinin suverenliklərini qoruyub saxlamaq
məqsədilə düşünülmüş xarici siyasət kursu yeritməli idilər. Bir çox yeni dövlətlər üçün dünya dövlətləri arasında lider
olan ABŞ-ın siyasi sistemi, iqtisadi modeli daha cəlbedici görünürdü. Bu
məsələdə ABŞ-ın “soyuq müharibə”dən qalib çıxması faktı da mühüm rol oynayırdı. ABŞ modeli ilə yanaşı, XX
əsrin sonlarında artıq dünya siyasətinin güc mərkəzləri kimi formalaşmış
Avropa və Asiya dövlətləri qrupunun da inkişaf modelleri mövcud idi (bu barədə daha ətraflı bax: 9; 10). Belə bir şəraitdə, 1992-ci ilin əvvəllərində
Türkiyənin o vaxtki Baş naziri Süleyman Dəmirəl Davosda keçirilən Dünya
İqtisadi Forumunda (30 yanvar – 2 fevral
1992) türk dövlət başçıları ilə görüşlərində və bundan dərhal sonra ABŞ-da rəsmi səfərdə (10 – 15 fevral 1992)
olarkən Amerika rəsmiləri ilə görüşlərində keçmiş Sovetlər Birliyinin müsəlman dövlətləri üçün Türkiyə inkişaf modelnin
məqsədəuyğun olduğu haqda fikir söyləmişdi. S.Dəmirəl bunu belə
əsaslandırmışdı ki, Sovetlər Birliyinin dağılmasından sonra Amerika Birləşmiş
Statları Rusiya və Ukrayna, Qərbi Avropa dövlətləri ilə Şərqi Avropa dövlətlərində gedən proseslərə daha çox maraq
göstərir, onları öz nüfuz
dairəsində
saxlamağa çalışırlar. Müsəlman dövlətləri isə bir qədər diqqətdən kənarda
qalıblar. Həmin dövlətlərin inkişafı üçün Türkiyə inkişaf modelinin təklif
olunması heç də o demək deyil ki, Türkiyə həmin dövlətlərdə təkbaşına nüfuz
sahibi olmaq niyyətindədir. Türkiyədə yaxşı bilirlər ki, müasir dünyada
təkbaşına, kənardan yardım olmadan inkişaf mümkün deyildir. Bu baxımdan, keçmiş
birliyin müsəlman dövlətlərinə onların gələcək inkişafında məhz ABŞ-ın Yaxın
Şərqdə strateji müttəfiqi olan Türkiyənin yardımçı olması daha məqsədəuyğun
olardı. Problemə belə yanaşma şübhəsiz ki, ABŞ-ı da təmin edirdi. Və artıq
həmin vaxtdan rəsmi görüşlərdə və mətbuatda inkişafın “Türkiyə modeli” haqda
tövsiyələr eşidilməyə başlandı (2, s.12-17; 3,
s.143-158, 404-405). Bunun məntiqi davamı kimi, Avropa Şurası da keçmiş SSRİ-nin müsəlman dövlətləri üçün
“İslamın və müasir dövlət qurumlarının uzlaşdığı Türkiyə modeli”ni daha
məqbul hesab etdiyini bildirdi. 1992-ci ilin may ayında Avropa Şurasının Baş
katibi Katrin Lalyumber Qərb ölkələrini Türkiyənin Orta Asiya respublikalarına
kömək etmək səylərini müdafiə etməyə çağırdı (3, s.36). Dünya mətbuat
orqanlarında da bu məsələ ilə bağlı müxtəlif fikirlər bildirilirdi. Belə ki,
“Nyu-York Tayms” qəzetində bildirilirdi ki, “diplomatik planda Türkiyənin Orta
Asiya respublikaları – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan,
Tacikistan, habelə Azərbaycanla tarixi etnik
əlaqələri onun bu ölkələrlə münasibətlərinin inkişafı üçün xüsusi şətrləri
təmin etməlidir. Həmin əlaqələrin inkişafı Səudiyyə Ərəbistanı və İranın
İslam fundamentalizmini yaymaq səylərinin əksinə yönəlib” (3, s.36).
Özlərinin hərbi-siyasi
və iqtisadi səviyyələrinə görə Mərkəzi Asiyada ABŞ ağalığına qarşı dayana
biləcək, onunla rəqabət apara biləcək imkanlara malik olan Rusiya və Çindən fərqli olaraq İrana münasibət özünəməxsusluğu ilə
diqqəti çəkir. ABŞ İranı regionda özü üçün rəqibdən daha çox, ciddi
maneə hesab edir. Rusiya və Çin qədər gücə malik olmasa da, özünün əlverişli
geostrateji mövqeyinə görə İran ABŞ üçün həm Mərkəzi Asiyada (Xəzər hövzəsi
dövləti olmaqla), həm də Yaxın və Orta Şərqdə (region ölkələrinə təsir etmə gücünə
malik olmasl ilə) mühüm çətinliklər törədə bilir. ABŞ İrana münasibətdə
siyasətində əslində iqtisadi sanksiyaların
tətbiqi ilə kifayətlənmir. Ümumilikdə, bu siyasət İranın region dövlətləri
ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində İranın
fəaliyyətini məhdudlaşdırmağa yönəlib. Bu məqsədlə, ABŞ Mərkəzi Asiya regionu enerji
daşıyıcılarının İran ərazisindən keçməklə dünyanın digər regionlarına ixracı
üçün boru kəmərlərinin çəkilməsi məqsədilə irəli sürülən layihələrin reallaşmasına
mane olur (11). Belə ki, neft-qaz kəmərlərinin diversifikasiyasının 4 mümkün
marşrutundan Cənub marşrutu məhz regionda İranın
nüfuzunun artmasına gətirib çıxara biləcəyi səbəbindən çox da müzakirə olunmur
(12). Ümumilikdə İran ABŞ-ın Mərkəzi Asiya
regionunda siyasətinə mühüm təsir göstərən dövlətdir deyə bilərik.
Beləliklə,
Mərkəzi Asiya regionunda siyasi və iqtisadi proseslərin əsas hərəkətverici qüvvəsi olaraq ABŞ, Rusiya və Çini götürsək, belə
nəticəyə gəlmək olar ki, regionun gələcək taleyi daha çox elə bu üç
dövlətin istəyindən asılı olacaq. Yuxarıda deyilənləri nəzərə alaraq, bu dövlətlərin
regionda toqquşan və üst-üstə düşən maraqlarıni aşağıdakı kimi qruplaşdıra
bilərik.
1.ABŞ-ı
Mərkəzi Asiya regionuna daha çox özünün strateji prioritetlərinin və
maraqlarının təmin olunmasına xidmət edən geosiyasi mülahizələr cəlb edir.
Şübhəsizdir ki, ABŞ Mərkəzi Asiyanı özünün nüfuz dairəsində görmək istəyərdi.
Lakin hazırki reallıqlardan çıxış edərək,
ABŞ daha çox regionda onun nüfuzunu zəiflədə biləcək dövlətlərin olmamasına
çalışır.
2.Çinin və
Rusiyanın regionda ABŞ-ın güclənməsini istəməməkdə maraqları üst-üstə
düşür. Eyni zamanda, hər
iki dövlət regionun mühüm problemləri üzrə əməkdaşlıq təşkilatı olan Şanxay
Əməkdaşlığı Təşkilatının yaradıcılarıdırlar. Lakin buna baxmayaraq,
bir-birlərinin rəqibi olduqlarını da unutmurlar.
Ümumilikdə
isə, toqquşan maraqların olduğuna baxmayaraq, hər üç dövlət lazım gəldiyində, yəni maraqları üst-üstə düşdüyüyndə
razılığa da gələ bilirlər. Məsələn, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra terrora qarşı kampaniya çərçivəsində
ABŞ hərbi bazalarının Mərkəzi Asiyada
yerləşdirilməsi məsələsində olduğu kimi. Bu məsələ ilə bağlı maraqlı fikirlər
də mövcuddur. Bəzi tədqiqatçılara görə, əgər nəzərə alsaq ki, keçmiş SSRİ
ərazilərində hərbi bazalarının
yerləşdirilməsi ABŞ-ın strateji məqsədlərindən biri idi, onda belə hesab etmək
olar ki, baş verən hadisələr sadəcə təsadüf olmayıb (13).
Yeni dünya
düzəninin yarandığı şəraitdə ABŞ, Yaponiya, Avropa Birliyi artıq dünyanın iri
siyasi, iqtisadi və maliyyə mərkəzləri idilər və soyuq müharibə dövründə
formalaşmış müttəfiqlik öhdəlikləri ilə bağlı idilər. Soyuq müharibə başa
çatdıqdan, Varşava Müqaviləsi Təşkilatı buraxıldıqdan və SSRİ dağıldıqdan sonra
da, yəni NATO-ya, Asiya – Sakit Okean regionu və Cənub-Şərqi Asiyanın
təhlükəsizliyi haqda Yaponiya – Amerika müqavilələri
və bəzi digər məsələlərə əvvəlki qədər
kəskin ehtiyac hiss edilmədiyi bir vaxtda da bu əməkdaşlıq mövcuddur,
hətta dövrün reallıqlara uyğun yenilənməyə də davam edir.
Avropa İttifaqı Mərkəzi Asiyaya münasibətdə
ehtiyatlı siyasət yeridir ki, bu da Aİ-nin xarici
siyasət fəaliyyətini formalaşdıran dairələrdə ümumilikdə avrasiya məkanında baş
verən və baş verə biləcək dəyişikliklərə ehtiyatlı yanaşmanın nəticədir.
İqtisadi baxımdan Aİ-nin Mərkəzi Asiyada maraqlarının zəif olmasının səbəbi
regionun Avropadan uzaqlığından daha çox,
Avropa - Mərkəzi Asiya marşrutu üzrə nəqliyyat tariflərinin yüksək olması ilə;
müəyyən sahələrdə təhlükəsizliyə hədələrin qalması; dövlətlərarası
ziddiyyətlərin mövcudluğu ilə bağlıdır. Aİ
Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin inteqrasiyasına böyük maraq
göstərir. Aİ-nin Sakit okeana çıxışda, Asiya – Sakit okean regionu ölkələri ilə
qarşılıqlı əlaqələrinin inkişafında maraqlı olması Mərkəzi Asiya regionu
ölkələrinin ərazilərindən nəqliyyat dəhlizi kimi istifadə olunmasını zəruri
edir. Qeyd etmək lazımdır ki, “Şərq – Qərb” nəqliyyat
layihələrinin müvəffəqiyyətli olmasının səbəbi onların Avropa yönümlü
olmalarıdır (o cümlədən maliyyə
məsələlərində). Mərkəzi Asiyada, həmçinin Qafqazda həyata keçirilməsi
nəzərdə tutulan infrastruktur layihələrinin əksəriyyəti Avropa Birliyi
Komissiyasının komplesk proqramı olan Avropa – Qafqaz – Asiya (TRACEKA)
magistralı çərçivəsində reallaşdırılır ki, bu da öz növbəsində Aİ – Mərkəzi
Asiya respublikaları ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Bundan başqa, Aİ
– Mərkəzi Asiya münasibətlərinin özünəməxsus xüsusiyyətlərindən biri də odur
ki, bu münasibətlər tarixi ambisiyalarla “ağırlaşmayan” əlaqələrdir. Siyasi baxımdan, ilk növbədə isə təhlükəsizlik baxımından
Aİ-nin region ölkələri ilə münasibətlərinin etibarlılıq göstəricisi odur
ki, Mərkəzi Asiya dövlətləri hamısı ATƏT-in üzvləridirlər. Bu üzvlük onların
hər birinə istənilən Avropa dövləti ilə vasitəçi olmadan, birbaşa əlaqələr
qurmağa imkan verir. Avropalı analitiklər Aİ-nin Mərkəzi Asiya ilə münasibətlərinin inkişafı iqtisadi və siyasi
inkişaf baxımdan Aİ üçün çox əhəmiyyətli olacağı fikrindədirlər (12).
Yaponiya. SSRİ-nin dağılması, dünya
sosialist sisteminin çökməsi bir çox dövlətlərdə yaranmış yeni geosiyasi
boşluqları doldurmaq istəyi yaratdı. Bu baxımdan Yaponiya xususi maraq kəsb
edir. Belə ki, hazırda Yaponiya özünün iqtisadi, maliyyə və texniki imkanları
baxımından dünya miqyasında ABŞ-dan sonra ikinci güclü dövlətdir. Müharibədən
sonrakı dövrdə Yaponiyanın beynəlxalq münasibətlərdə mövqeyini şərtləndirən bir
neçə məqam var idi ki, bunlardan biri onun “sülhsevər konstitusiyası” idi. Konstitusiyaya görə Yaponiya
münaqişələrin həlli üçün
hərbi qüvvədən istifadədən imtina etmişdi. Digər bir məqam, Yaponiyaya hər
hansı dövlət tərəfindən təcavuz olacağı təqdirdə ona ABŞ-ın dəstəyini nəzərdə
tutan Təhlükəsizlik haqda Yaponiya-ABŞ müqaviləsi imzalanmışdı. Bu müqaviləyə
münasibət birmənalı deyil. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, bu
müqavilə ilə ABŞ əslində Yaponiyanı özündən asılı vəziyyətə salmışdı. Başqa bir
fikrə görə isə, bu müqavilə Yaponiyanın müdafiə xərclərini azalda bilməsinə imkan
vermişdi ki, bu da öz növbəsində ölkənin iqtisadi inkişafında mühüm rol
oynamışdı. Bir qədər sonra isə Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi onun ABŞ-la münasibətlərinin
xarakterinə də təsir etdi. Yaponiyanın hərbi müdafiəsini təmin etməyə
davam edən ABŞ, bunun müqabilində özünün hərbi-müdafiə
sənayesinin təmin olunmasında yapon maliyyəsi və sənayesinin imkanlarından
istifadə etməyə başladı (11).
Bu baxımdan Yaponiya ilə ABŞ arasındakı mövcud qarşılıqlı fəaliyyət
mexanizmi yeni dünya düzəni şəraitində də əhəmiyyətini itirmədi. Hətta Avropa ilə
müqayisədə, Yaponiya təsir dairəsini genişləndirməyə başladı. Artıq təkcə Asiya
– Sakit Okean regionu deyil, özü üçün yeni
olan Mərkəzi Asiya regionuna da iddia etməyə başladı. Buna müvafiq olaraq, ABŞ-la
ümumi təhlükəsizlik məsələlərində də yeni nüanslar meydana çıxmış oldu. Belə
ki, yeni şəraitdə Çinin hərbi və iqtisadi potensialının artması Asiya – Sakit okean
regionunda Yaponiyanın ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığını şərtləndirən
mühüm amillərdən biri oldu. Digər bir səbəb kimi, Rusiyanın da Asiya – Sakit okean
regionuna iddialarını qeyd etmək mümkündür. Bu maraqlar yalnız Asiya – Sakit okean
regionunda toqquşmur. Mərkəzi Asiya regionu da toqquşan maraqlar sırasında yer
alır. ABŞ, özünün həqiqi dünya ağalığı istəyini zərbə altına qoya biləcəyindən
ethiyat etdiyi iki dövlətin: Mərkəzi Asiya regionunu Avropa ilə birləşdirən Rusiyanın və Sakit Okean regionu ilə birləşdirən
Çinin regionda heç bir formada güclənməsini istəmir. Bütün bu səbəblər
isə, Yaponiya ilə ABŞ-ın Mərkəzi Asiya regionunda vahiq strateji məqsədlərinin
olduğu qənaətini təsdiq edir.
Yeri gəlmişkən qeyd edək ki, Yaponiya yalnız Mərkəzi Asiya regionunda
öz iddialarını irəli sürməklə kifayətlənmir. Eyni zamanda, beynəlxalq aləmdə özünün
iqtisadi cəhətdən dünyanın ikinci dövləti olmaq statusuna uyğun olaraq daha
layiqli yer tutmağa çalışır . Bu istiqamətdə iddialarından biri də BMT
Təhlükəsizlik Şurasında daimi üzvlərdən biri olmaq istəyidir. XX əsrin 90-cı
illərində dünyanın siyasi xəritəsində yeni müstəqil dövlətlərin meydana
çıxması, yeni dünya düzəninin yaranması Yaponiyanın da öz fəaliyyətində yeni istiqamətlər nəzərdən keçirməsinə səbəb oldu: BMT
çərçivəsində əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq, qlobal
xarakterli problemlərin həllində iştirak və s. (19) Bütün bu istiqamətlər,
həmçinin Yaponiyanın digər fəaliyyətləri onun bütün dünya miqyasında, o
cümlədən də Mərkəzi Asiya regionunda öz maraqlarına uyğun xarici siyasət
fəaliyyətini həyata keçirməsinə xidmət edir. Mərkəzi Asiya regionunda siyasəti
Yaponiyanın ümumilikdə dünya siyasətinin tərkib hissələrindən biridir və öz
maraqları ilə bərabər, müttəfiqi olan ABŞ-ın da regionda maraqlarının təmin
olunmasına yardım edən vasitədir.
Bütün bü
geosiyasi maraqlar fonunda Mərkəzi Asiya dövlətlərinin özlərinin hansı seçimi edəcəkləri çox mühüm əhəmiyyət kəsb edir.
Belə ki, Mərkəzi Asiya regionunun unikal geostrateji yerləşməsi,
dünyanın güc mərkəzlərinin və regional dövlətlərin bölgədə birgə fəaliyyətinin
güclənməsi əsas verir deyək ki, Mərkəzi Asiya regionu postsovet məkanında təhlükəsizlik baxımından əsas məkanlardan biridir.
Mərkəzi Asiya regionu həmçinin Avrasiya materikində sabitliyin qorunub
saxlanması baxımından mühüm əhəmiyyətə malikdir. Regionun özü üçün təhlükəsizliyin vacib şərtlərindən biri, regiondaxili
inteqrasiya, nəqliyyat-kommunikasiya
məsələlərində razılaşdırılmış siyasət
yeridilməsi, istilik-enerji və su
ehtiyatlarının
istismarı, əhalinin dini-mənəvi dəyərlərinə münasibət, dini ekstremizm əleyhinə mübarizə
məsələlərində əməkdaşlığın güclənməsi ola bilir. Bu məsələ Mərkəzi Asiya
dövlətləri arası münasibətlərdə, müxtəlif səviyyəli görüşlərdə də dəfələrlə
qeyd edilir. Belə görüşlərdən biri haqda.
2010-cu il
dekabr ayının 1-2-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in 56 üzv dövlətindən
nümayəndələrin iştirakı ilə növbəti sammiti keçirildi. Sammitdə Avropada təhlükəsizlik və əməkdaşlıq sahəsində daha çox
narahatlıq doğuran məsələlər müzakirə edildi və yekun olaraq Astana
bəyannaməsi qəbul edildi. Qazaxıstan Prezidenti N.Nazarbayev “Təhlükəsiz cəmiyyətə döğru” adlanan bu
bəyannaməni şərh edərkən “bu sənəd xalqlarımızın daha təhlükəsiz dünya
arzularına tamamilə cavab verir və hamımızın ümumi uğurudur” (14) deməsinə
baxmayaraq, Astana sammitində razılıq əldə olunmayan məsələlər də var idi:
Gürcüstanda, Moldovada, Azərbaycanda mövcud münaqişələr haqda razılıq əldə
etmək mümkün olmadı (14; 15).
Yekun
bəyannamədə müasir dünyanın bir çox aktual problemləri haqda fikirlər irəli
sürülüb, onlara toxunmayacağıq. Yalnız Mərkəzi Asiya dövlətlərinin
təhlükəsizliyi, onların dünya dövlətləri ilə münasibətləri baxımından
əhəmiyyətli olan müddəalar haqda fikrimizi bildirəcəyik. Diqqət çəkən
məqamlardan biri – avroatlantik və avrasiyaçı təhlükəsizlik sistemlərinin
əlaqələndirilməsi fikridir: “ATƏT-ə üzv dövlətlər razılaşdırılmış prinsiplər,
ümumi öhdəliklər və ümumi məqsədlərə əsaslanan azad, demokratik, vahid və
bölünməz Avroatlantik və Avraziya təhlükəsizlik cəmiyyəti qurulması ideyası
tərəfdarı olduqlarını bir daha təsdiq etdiklərini bəyan edirlər” (16). Sənəddə
qeyd olunur ki, hələ də region dövlətləri üçün ciddi təhlükələr və hədələr
qalmaqdadır. Dövlətlərarası münasibətlərdə inamsızlıq, təhlükəsizlik məsələlərinə münasibətdə fikir ayrılıqlarına son qoymağa
cəhd edilməlidir. İnsan haqları və azadlıqlarına, demokratiya
prinsiplərinə, qanunun aliliyinə hörmət edilməlidir. Qarşılıqlı əməkdaşlıq
genişləndirilməli, regionun iqtisadi və ekoloji təhlükəsizliyinə mövcud
hədələrə qarşı birgə mübarizə gücləndirilməlidir. Yeni münaqişələrin
yaranmasına imkan verilməməlidir və s.
Ümumiyyətlə, Astana sammitinin nəticələri müzakirə olunarkən, Mərkəzi Asiya dövlətləri üçün gəlinən nəticə aşağıdakı
kimi olmuşdur: yaxın gələcəkdə Mərkəzi Asiya regionu dövlətlərinin
beynəlxalq durumuna və təhlükəsizlik vəziyyətinə qonşu dövlətlərin pisləşməkdə
olan geopolitik durumu mühüm təsir göstərəcək. Mərkəzi Asiya dövlətləri
istəklərindən asılı olmayaraq, regionun ətrafında baş verən hadisələr
burulğanına cəlb oluna bilərlər. Mütəxəssislərin fikrinə görə, regionda
artmaqda olan qeyri-sabitlik və sosial-siyasi inkişafda baş verə biləcək
gözlənilməzliklər Mərkəzi Asiya dövlətləri üçün əsas təhlükə mənbəyidir. Buna görə də, region dövlətləri öz
siyasətlərində ciddi düzəlişlər etməli, baş verə biləcək hadisələrə vaxtında müdaxilə edə bilmək üçün müvafiq mexanizmlər
hazırlamalıdırlar (17).
ƏDƏBİYYAT
1. Бжезинский
З. Великая шахматная доска. Господство Америки и его геостратегические
императивы. Москва: Международные отношения, 2009. – С.280.
2. Bağımsızlığın ilk yılları
(Azerbaycan, Kazakistan, Kırğızistan, Özbekistan, Türkmenistan).
T.C.Kültür Bakanlığı Milli Kütüphane Basımevi. Ankara, 1994. –s.298.
3. Ruintən S. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr
sistemində (XX əsrin 90-cı illəri). Bakı: Adiloğlu nəşriyyatı, 2005. –s.236.
4.
В.Парамонов. Геополитика и центральная Азия –
5. Alexander
Cooley. The New Great Game in Central Asia / Foreign Affairs. Published by the
Council on Foreign Relations - http://www.foreignaffairs.com/articles/137813/alexander-cooley/the-new-great-game-in-central-asia
6. NATO and Central Asia. The
two elephants that never meet / EUCAM Watch No.11. Issue 11 - February 2012 - http://www.eucentralasia.eu/fileadmin/user_upload/PDF/Newsletters/EUCAMWatch-11.pdf
7. Alexandros
Petersen, Katinka Barysch. Russia, China And
The Geopolitics Of Energy In Central Asia. Centre for European Reform, 2011. P.70 - http://www.cer.org.uk/sites/default/files/publications/attachments/pdf/2011/rp_010-4118.pdf
8. Китай и центральноазиатские страны:
вместе открыть новую страницу в истории дружбы, сотрудничества и развития - http://russian.china.org.cn/international/archive/zhongya/txt/2004-11/18/content_2143271.htm
9. Чешков М. Постсоветская Центральная Азия в трех измерениях:
традиционализация, периферизация, глобализация // Центральная Азия и Кавказ, 1998 №13 - http://www.ca-
c.org/datarus/infoduction.shtml
10. Эсенов М.
Формирование внешнеполитического курса Туркменистана (политологический
анализ). М., 1994 // http://www.ca- c.org/datarus/infoduction.shtml
11. Особенности геополитического пространства Центральной
Азии
-
12. Акежан КАЖЕГЕЛЬДИН. Глобальная дуга
безопасности. Как Россия и Каспий могут сделать мир стабильным - http://www.iicas.org/page.php?c=publrus&id=52
13. Богатуров А.Д. Американизация Центральной Азии? // Восток. –
2003. –№3. – С.94
14. На саммите ОБСЕ принята Астанинская декларация - http://www.pravda.ru/news/world/02-12-2010/1059589-declare-0/
15. Принята итоговая
декларация Астанинского саммита ОБСЕ - http://www.1news.az/politics/20101202100231711.html
16. Astana
Commemorative Declaration “Towards A Security Community”. OSCE Summit Meeting
Astana, 3 December 2012/ p.1. - http://www.osce.org/cio/74985?download=true
17. «Астанинская декларация
ОБСЕ» связала евро-атлантическую и евро-азиатскую системы безопасности - http://www.zakon.kz/4520547-astaninskaja-deklaracija-obse-svjazala.html
18.Türk dış politikasının analizi. Deyerleyen Doç.Dr.Faruk
Sönmezoğlu. İstanbul, Der Yayınları,
1994. –s.520.
19. Эссен Усубалиев. Политика Японии в Центральной Азии – геополитический аспект - http://www.geopolitics.ru/common/publics/074.htm
СЕВИНДЖ
РУИНТАН
д.ф.и.н.,
доцент Бакинского Государственного Университета
ДЖАВИД АЛИСКАНДАРЛИ
Бакинский Государственный Университет
ЦЕНТРАЛЬНОАЗИАТСКИЙ РЕГИОН
В СИСТЕМЕ ГЕОПОЛИТИЧЕСКИХ ИНТЕРЕСОВ
В ПЕРИОД НОВОГО МИРОВОГО ПОРЯДКА
Изменения, произошедшие на геополитический карте мира в
результате распада СССР,
возникновения независимых государств Казахстана, Киргизии,
Узбекистана, Туркмении и Таджикистана в Центральной Азии привели к формированию
новой геополитический ситуации в
регионе. Ранее, точнее с начала 30-х
годов XVIII века – до
1917 года регион находился в сфере интересов России. В 1917 году после
свержения монархии в России, пришедшие к
власти большевики обманув доверие народов региона не дали им обещанное право на самоопределение, а
наоборот совершили второй захват региона, на этот раз со стороны советской России. В 1922 – 1991
годах государства региона находились в
составе СССР. Распадом СССР в 1991 году регион был включен в сферу
интересов мировых государств. Сегодня процессы,
происходящие в центральноазиатском регионе
могут вызвать изменения в геополитическом балансе сил на всем
евразийском континенте. В свою очередь, внешнеполитическая активность ведущих
мировых государств является одним из основных факторов, влияющих на процессы,
происходящие в Центральной Азии. В рамках данной статьи прослеживаются интересы
мировых государств в центральноазиатском регионе, также интересы государств региона и их внешнеполитическая деятельность,
направленная на реализацию этих интересов.
SEVINJ RUINTAN
Phd, assotieted professor
of Baku State University
JAVID ALISGANDARLI
Baku State University
CENTRAL ASIAN REGION IN THE SYSTEM OF GEOPOLITICAL INTERESTS IN THE
PERIOD OF NEW WORLD ORDER
Changes, occurred in the
geopolitical map of the world at the result of the collapse of the USSR,
establishment of new independent states, such as Kazakhstan, Kyrgyzstan,
Uzbekistan, Tajikistan and Turkmenistan in Central Asia caused to the formation
of new geopolitical circumstances in the region. Earlier, exactly, in the
beginning of 30s of 18th century-till
the year of 1917 this region was in the context of interests of Russia. In
1917, after the decline of monarchy in Russia, Bolsheviks, who came to
the reign deceived the belief of nations of this region and didn’t give them
the promised rights about self-determination, conversely,
they realized the second invasion of the region; in this time, by the Soviet
Russia. In 1922-1991s the states of
the region was under the subordination of the USSR. At the result of the collapse of the USSR in 1991 the region was
included to the sphere of interests of world
states. Today, the processes, occurring in the Central
Asian region are able to change the geopolitical
balance of powers in the whole Eurasian continent. On the other side, the
activity of leading world states in foreign affairs is one of the major
factors, which inflict to the process,
happening in Central Asia. There are examined the interests of world states in
Central Asian region, as well as the interests of the states in this
region and their foreign activity, directed to the realization of these
interests in the frame of the article.
Rəyçilər: t.e.d.A.R.Göyüşov,
t.e.d.M.B.Fətəliyev
Bakı Dövlət Universitenin Türk xalqları tarixi
kafedrasının 19 oktyabr 2012-ci il tarixli iclasının qərarı ilə (protokol №03)
çapa məsləhət görülmüşdür.
No comments:
Post a Comment