Monday, May 20, 2013

YENİ DÜNYA DÜZƏNİ ŞƏRAİTİNDƏ MƏRKƏZI ASIYA REGİONU GEOSİYASİ MARAQLAR SİSTEMİNDƏ


YENİ DÜNYA DÜZƏNİ ŞƏRAİTİNDƏ
MƏRKƏZI ASIYA REGİONU GEOSİYASİ MARAQLAR SİSTEMİNDƏ

Açar sözlər: Yeni dünya düzəni, Mərkəzi Asiya, dünya dövlətləri, geosiyasət, maraqlar
Ключевые слова: Новый мировой порядок, Центральная Азия, мировые державы, геополитика, интересы
Keywords: New world order, Central Asia, world states, geopolitical, interests

SSRİ-nin dağılması, digər ittifaq respublikaları ilə birlikdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın da müstəqillik əldə etməsi ilə dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər Mərkəzi Asiya regionunda bir qədər əvvəlki dövrdən tamamilə fərqli yeni geosiyasi vəziyyətin formalaşmasına səbəb oldu. Həyata keçirilməsinə XVIII əsrdən başlanmış və XIX əsrin sonunda başa çatdırılmış, Rusiya tarixçilərinin bir qisminin “imperiyanın xarici sərhədlərinin formalaşmasının başa catması” kimi qələmə verməyə çalışdıqları hadisələr nəticəsində region Rusiyanın nüfuz dairəsinə daxil edildi. 1917-ci ildə Rusiyada monarxiyanın devrilməsindən sonra hakimiyyətə gələn bolşeviklərin millətlərə “öz müqəddəratlarını təyin etmə hüququ” verəcəkləri haqda vədlərinə baxmayaraq, 1917 - 1922-ci illərdə bu dəfə də sovet Rusiyası regionun ikinci işğalını gerçəkləşdirdi. Və beləliklə, 1991-ci ildə SSRİ-nin dağılmasına qədər Mərkəzi Asiya regionu dünya dövlətləri üçün bağlı regiona, ümumiyyətlə hər cür geosiyasətdən uzaq bir əyalətə çevrildi. 1991-ci ildə SSRİ-nin dağılması ilə isə onun bu mahiyyətində dəyişikliklər baş verməyə başladı, region böyük dünya dövlətlərinin maraqlarının kəsişdiyi mühüm mərkəzlərdən biri oldu. Amerikalı politoloq Z.Bjezinski ele hesab edir ki, bütünlükdə Avrasiya regionuna təsir imkanlarına görə Mərkəzi Asiya regionu Qafqaz və Əfqanıstanla birlikdə “Avrasiya Balkanları” hesab oluna bilər (1, s.161-195). Belə ki, əslində bütün dünyada qüvvələr balansının necə olmasına Mərkəzi Asiya dövlətlərində hadisələrin hansı istiqamətdə inkişaf etməsinin əhəmiyyətli dərəcədə təsiri ola bilir. Öz növbəsində, dünyanın aparıcı dövlətlərinin, həmçinin region dövlətlərinin xarici siyasət fəaliyyətləri Mərkəzi Asiyada baş verən proseslərə təsir edən mühüm amillərdən biridir. Hazırki məqalədə dünyanın böyük dövlətlərinin Mərkəzi Asiya regionunda maraqları, həmçinin Mərkəzi Asiya dövlətlərinin özlərinin maraqları və bu maraqların təmin olunması istiqamətində fəaliyyətləri nəzərdən keçiriləcək.
XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliklərini yeni əldə etmiş Mərkəzi Asiya dövlətləri beynəlxalq münasibətlər sistemində öz yerlərini müəyyənləşdirərkən 3 müxtəlif istiqamət qarşısında qalmış oldular. Bunlar: Rusiya istiqaməti, Mərkəzi Asiya istiqaməti və xarici istiqamət idi. Rusiya istiqaməti Mərkəzi Asiya dövlətlərinin keçmiş Sovet İttifaqı çərçivəsində birliyini və gələcəkdə onların Rusiya ilə əməkdaşlığını; Mərkəzi Asiya istiqaməti xalqların mədəni və etnik ümumiliyi əsasında regional birliyini və inteqrasiyasını; xarici istiqamət isə Mərkəzi Asiya dövlətlərinin geniş xarici siyasət fəaliyyəti seçimini və onların dünyanın digər dövlətləri və regionları ilə münasibətlərini nəzərdə tuturdu. İlk vaxtlarda müstəqillik abu-havasını yeni yaşamağa başlayan region dövlətlərinin əksəriyyəti Rusiya istiqamətindən imtina etdilər. Bu dövrdə Rusiya dövləti özü də daha çox daxili problemlərinin (siyasi hakimiyyətin möhkəmləndirilməsi, iqtisadi islahatların keçirilməsi və s.) həlli istiqamətində fəaliyyətə daha çox diqqət yetirməyə məcbur olmuşdu. İkinci istiqamət olan Mərkəzi Asiya regional birliyi ideyası da özünü tam olaraq döğrultmadı. Belə ki, region dövlətlərinin bu birlikdə yeri və rolu məsələlərinin müəyyənləşdirilməsində kəskin fikir ayrılığı özünü göstərdi. Və nəhayət, üçüncü – xarici istiqamət. Bu istiqamət Mərkəzi Asiya dövlətlərinin geniş xarici siyasət fəaliyyəti seçimini, onların dünyanın digər dövlətləri və regionları ilə münasibətlər qura bilmə imkanlarını nəzərdə tuturdu. Siyasi müstəqilliyin hər bir dövlətə özünün maraqlarından çıxış edərək müstəqil şəkildə xarici siyasət prioritetlərini müəyyənləşdirməsinə imkan verəcəyinə ümid edən Mərkəzi Asiya dövlətləri bu istiqamətə üstünlük verdiklərini bildirdilər. Lakin eyni zamanda, hər bir dövlətin xarici siyasət prioritetlərində müəyyən fərqliliklər də özünü göstərirdi. Bəzi dövlətlər xalqlarının dini-mənəvi ümumiliklərinə əsaslanaraq İslam dövlətləri ilə əməkdaşlığı ön plana cəkdilər (Özbəkistan, Tacikistan), digərləri Sakit okean regionu ölkələrinin iqtisadi inkişaf və nailiyyətlərini daha cəlbedeci hesab etdilər (Qazaxıstan, Türkmənistan), üçüncülər isə maliyyə yardımına böyük ümid bəslədikləri dünyəvi Qərb ölkələrinə (Qırğızıstan) istiqamət göturdülər (2, s.255, s.263, s.268; 3, s.83, s.92, s.101-102).
Ümumiyyətlə, SSRİ-nin dağılmasından sonra həm Mərkəzi Asiyada, həm də onun hüdudlarından kənarda çoxları belə hesab edirdilər ki, bu dövlətlərin gələcək inkisaf yollarının seçilməsində İslam amili mühüm rol oynayacaq. Belə ehtimallar eşidilməyə başlanmışdı ki, Mərkəzi Asiyada Türkiyənin “dünyəvi İslam”ı ilə İranın “radikal İslam”ı arasında kəskin mübarizə olacaq. Lakin bu ehtimallar özünü doğrultmadı. Bu isə öz növbəsində digər bir fikri bir daha təsdiq etdi: geopolitika beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır, yəni ölkələrin fiziki coğrafiyası, yerləşdikləri coğrafi məkan onların digər dövlətlərlə siyasi, iqtisadi və digər əlaqələrinin qurulmasında daha çox önəm verilən amillərdir, nəinki etnik, yaxud dini, mədəni yaxınlıq.
Okeanlardan və sahilboyu dövlətlərdən uzaqda yerləşməsi Mərkəzi Asiyanı heç də qlobal problemlərdən də uzaqlaşdıra bilmir. Mərkəzi Asiya regionunda cərəyan edən hadisələrə təsir edən əsas amillərdən biri dünyanın aparıcı dövlətlərinin regiondakı xarici siyasət fəaliyyətinin aktivliyidir. Mərkəzi Asiya ərazisində Avrasiyanın Orta Şərq, Asiya – Sakit okean, Cənubi Asiya və Avropa regionlarının, həmçinin dünyanın bütün böyük dövlətlərinin maraqları toqquşur. Strateji rəqabətin güclənməsi regionda yeni ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Lakin artıq bu ziddiyyətlər əvvəllər olduğu kimi ideoloji ziddiyyətlər deyil, geopolitik və iqtisadi xarakterli ziddiyyətlərdir (4). Nəticədə isə, Mərkəzi Asiya regionu dövlətləri özləri təbii sərvətlərlə zəngin olmalarına baxmayaraq, hər tərəfdən problemli dövlətlərlə əhatə olunduqlarına görə bu sərvətləri ixrac etməkdə çətinliklərlə qarşılaşırlar və bu səbəbdən hələ də istədikləri inkişaf səviyyəsinə çata bilmirlər.
Mərkəzi Asiya regionunun geopolitik vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən dövlətlərdən danışarkən qeyd etmək lazımdır ki, regionda geosiyasi mübarizə bir tərəfdən ABŞ, digər tərəfdən isə Rusiya, Çin və qismən də İran arasında gedir. Bəzi qərb analitikləri məhz bu üç dövlətin Mərkəzi Asiya ərazisində XIX əsrdə baş vermiş “Böyük oyunu” müasir dövrün qaydalarına uyğun bərpa etmiş olduqları qənaətindədirlər (5). Bu dövlətlərdən başqa həmçinin Türkiyə, İran, Pakistan, Hindistan və Avropa Birliyi ölkələri də regionda  cərəyan
edən hadisələrə təsir göstərə bilmə imkanlarına malikdirlər. Mərkəzi Asiyanın inkişafı məsələlərini nəzərdən keçirdiyimizdə, regionalizm prinsipi diqqəti cəlb edir, yəni region ölkələrini özlərinin spesifik siyasi-iqtisadi siyasətləri olan Avrasiya materikinin əsas mərkəzləri arasında yerləşmiş vahid geosiyasi məkan kimi nəzərdən görmək mümkündür (4).
İndi isə dövlətlərin hər birinin regiona təsir imkanlarını ayrı-ayrılıqda nəzərdən keçirək. Rusiya və Çin tarix boyu regiona çox mühüm təsir gücünə malik olublar. SSRİ-nin dağıldığı ilk illərdə Rusiyanın regiona marağının zəifləməsinə baxmayaraq, o, hər zamankı kimi bu dövrdə də Mərkəzi Asiyanı Avropa ilə birləşdirən həlqə olmuşdur. Avropadan Mərkəzi Asiyaya və əksinə edilən heç bir cəhd Rusiyanın iştirakı olmadan mümkün deyil. Rusiya Mərkəzi Asiyada özünün prioritet marağı kimi əfqan-İslam amilinə qarşı mübarizəni göstərir. Bundan başqa Rusiya regionun enerji daşıyıcılarının nəqli məsələsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Bildirir ki, regionun neft-qaz ehtiyatlarının mənimsənilməsində, boru-ixrac kəmərlərinin inşa olunmasında, istismarında, nəqlində iştirak edən digər dövlətlər kimi, regionda iştirak onun üçün də iqtisadi məsələdən daha çox siyasi məsələdir, daha çox regionda mövcud vəziyyətə nəzarət baxımından əhəmiyyətlidir (4).
Bir sıra qərb ekspertləri SSRİ dağıldıqdan sonra Rusiyanın regionda əvvəlki nüfuza malik olmadığı haqda fikirlərini təsdiq etmək üçün region dövlətlərinin 1992-ci ilin yanvarında ATƏT-ə üzv olduqlarını, NATO ilə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduqlarını qeyd edirlər (4). Amma bu, məsələnin yalnız bir tərəfidir. Əslində, Mərkəzi Asiya dövlətləri özlərinin təhlükəsizliklərini təmin etmək üçün NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərcivəsində, Rusiya ilə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” çərçivəsində, Rusiya və Çinlə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edirlər (6). Bundan başqa, Rusiyanın Tacikistan və Qırğızıstan ərazisində hərbi bazaları mövcuddur. Rusiyanın Tacikistan ərazisində hərbi bazalarını yerləşdirməklə regionda geosiyasi maraqlarının təmin olunmasında bu dövlətə önəm verdiyini açıq şəkildə nümayiş etdirdiyini qeyd edən mütəxəssislər var. Lakin Rusiya bunun heç də Tacikistanın regionda həlledici dövlət olduğu anlamına gəlməli olmadığını, sadəcə regional təhlükəsizliyin təmin edilməsi zəncirində növbəti halqalardan biri olduğunu bildirir.
Digər bir fikirə görə, Rusiya XX əsrin 90-ci illərində zəifləmiş olan nüfuzunu 1999-cu ildə enerji daşıyıcılarının qiymətinin yüksəlməsindən sonra yenidən bərpa edə bilib. Belə ki, XX əsrdə enerjidaşıyıcıları geosiyasətin əsas simvoluna çevrilib. Artıq dövlətlər özlərinin hərbi və siyasi güclərindən daha çox enerji daşıyıcılarına sahib olmaları ilə təsir gücü qazanmış olurlar. Hazırda enerji daşıyıcıları yalnız təsir vasitəsi kimi deyil, eyni zamanda ölkənin hərbi, siyasi, iqtısadi, texniki və mədəni “güc”ünün göstəricisi olaraq qəbul edilir. Bu gün Rusiyanın nəhəng neft-qaz ehtiyatlarına sahib olması, sovet dövründə nüvə silahına malik olması ilə eyni təsir gücünə malikdir (7).
Asiya – Sakit okean və Çənubi Asiya regionlarında əhəmiyyətli təsir gücünə malik olan Çin SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya regionuna da təsir edə bilmə imkanı əldə edib. Özünün coğrafi mövqeyinə görə, Çin Mərkəzi Asiya və Asiya – Sakit okean regionlarını birləşdirən körpü rolunu oynayır. Bu isə başqa sözlə o demək olur ki, Mərkəzi Asiya regionunun enerji daşıyıcılarının Asiya – Sakit okean regionu bazarlarına çıxarılması regionda Çinin rolunun artmasına səbəb olacaq. Geopolitiklər arasında Çinin regiona münasibətdə siyasəti ilə bağlı bir-birinə tamamilə zidd olan iki fikir mövcuddur.
I.Bəzi mütəxəssislərə görə, Çin Mərkəzi Asiya istiqamətində maraqlarını çox da açıq şəkildə göstərmir. Lakin bu heç də o demək deyil ki, onun belə maraqları yoxdur. Belə yanaşma hər nədən əvvəl onunla bağlıdır ki, Çin üçün Asiya – Sakit Okean regionunda olan maraqları daha önəmlidir. Bundan başqa, Çin dəfələrlə bəyan edib ki, regionun yeni müstəqil dövlətləri ilə dostluq, qonşuluq münasibətlərinin qurulması ilə bərabər, həmçinin Rusiya ilə də dostluq əlaqələrinin olması onun üçün əhəmiyyətlidir. Çinin SSRİ-nin dağılması ilə yaranmış hər hansı “boşluğu doldurmaq” kimi məqsədi yoxdur. Çinin Mərkəzi Asiyada çox da fəal olmamasının daha bir səbəbi kimi, Sintzyan Uyğur Müxtar Vilayətində islamçılıq və separatçılıq əhval-ruhiyyəsinin yayılacağından ehtiyat etdiyi də göstərilir. Bu məsələ ilə bağlı daha bir maraqlı fikir ondan ibarətdir ki, əslində Çin beynəlxalq aləmin diqqətinin Sintzyan Uyğur Muxtar Vilayətinə, orada baş verən hadisələrə cəlb olunmasını istəmədiyindən Mərkəzi Asiya istiqamətində passivlik göstərir (4). Ola bilsin ki, bu yanaşmada müəyyən qədər həqiqət var. Belə ki, Çində baş verən bəzi digər məsələlər (məsələn, Tibet hadisələri, daxili bazarın tənzimlənməsi məsələsindəki problemlər və s.), onsuz da onun beynəlxalq imicinə kifayət qədər zərər vurur, qərb dövlətlərinin ölkənin daxili işlərinə qarışması cəhdlərinə səbəb olur. Bu baxımdan Çinin daha bir problemlə diqqət cəlb etmək istəməməsi başa düşüləndir. Çinin Mərkəzi Asiya siyasətinə daha bir baxışın müəllifləri olan qazax və qırğız politoloqları, onun “passiv siyasət yeritməsi” ilə bağlı bir qədər fərqli fikirlər irəli sürürlər. Onlar belə hesab edirlər ki, Çin onların dövlətlərinə münasibətdə “sürünən işğal” siyasəti həyata keçirir. Yəni, Qazaxıstanla və Qırğızıstanla sərhəd rayonlarında Çin əhalisinin yüksək miqrasiyası müşahidə olunur. Əslində bu, daha çox ölkə daxilindəki ağır vəziyyətlə əlaqəlidir. Dövlətin bu miqrasiya ilə əlaqəsi yoxdur. Lakin son vaxtlar Çin Mərkəzi Asiya istiqamətində siyasətini bir qədər fəallaşdırıb. Daha çox iqtisadi xarakterli əlaqələrə üstünlük verilir ki, bunlar ticarətə investiya qoyuluşunun artırılması, nəqliyyat dəhlizlərinə maraq, Mərkəzi Asiyadan yanacaq ötürücülərinin çəkilməsi, bazar münasibətlərinin tənzimlənməsi şəklində özünü göstərir. Çin bununla bir neçə problemini həll etməyə çalışır. Xarici siyasətdə: Asiya – Sakit okean regionunda daha fəal siyasət həyata keçirmək imkanı əldə etmək üçün mövcud problemlərini həll etməyə; yeni narazılıq ocaqlarının meydana çıxmasının qarşısını almağa və region dövlətləri ilə davamlı əlaqələrin qurulmasına cəhd edir. Bundan başqa, Avropa İtiifaqı ilə əlaqələrinin genişləndirilməsi məqsədilə kommunikasiya xətlərinin çəkilməsi istiqamətində fəaliyyətini genişləndirir. Ölkə daxilində: ölkənin iqtisadi baxımdan ən az inkişaf etmiş vilayəti olan Sintzyan Uyğur Muxtar Vilayəti ərazisindən boru kəmərlərinin çəkilməsi ilə vəziyyəti sabitləşdirmək məqsədinə nail olmaq istəyir.
II yanaşmaya görə isə, Çinin Mərkəzi Asiya regionu ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri mövcuddur və bu münasibətlər yüksələn xətt üzrə sürətlə inkişaf edir. Regionun təhlükəsizlik məsələlərində də maraqlar üst-üstə düşür. Belə ki, 1992-ci ilin yanvarında region dövlətlərinin müstəqilliklərini tanıyan Çin dövlətinin, tez bir zamanda onlarla diplomatik əlaqələr də qurduğu qeyd edilir və bundan sonra əlaqələrin daha nizamlı və intensiv xarakter aldığı göstərilir. 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının yaranması ilə dövlət və hökumət başçılarının hər il müntəzəm görüşlərinin keçirildiyi qeyd olunur. 2002-ci ildə Çin – Qazaxıstan və Çin – Qırğızıstan arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqda müqavilələrinin imzalandığı göstərilir. Həmçinin iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, ticarət sahəsində böyük uğurlar əldə edildiyi göstərilir. Bundan başqa, təhlukəsizlik məsələlərində Mərkəzi Asiya dövlətlərinin Tayvan, Tibet və Şərqi Türküstan məsələlərdə Çinlə həmrəy olduqları qeyd edilir. Həmçinin qeyd olunur ki, Çin Mərkəzi Asiya regionu ölkələri ilə münasibətlərini həm mövcud ənənələri, həm də müasir xüsusiyyətləri nəzərə almaqla qurur (8).
ABŞ enerji daşıyıcıları sahəsində əməkdaşlığın Rusiya ilə Çinin yaxınlaşmasına səbəb ola biləcəyindən ehtiyat edir. Belə ki, Rusiya dünya üzrə ən böyük daş kömür hasil edən, Çin
isə ən çox daş kömür istifadə edən ölkələrdirlər. Bundan başqa, bu dövlətlərin qonşu olmaları, onlar arasında əlaqələrin çox asan, sadə və təhlükəsiz reallaşmasına şərait yaradır. İki ölkə arasında energetika sahəsi üzrə strateji əməkdaşlıq nəinki mümkündür, hətta qaçılmazdır. Bu isə, ABŞ-ın regiondakı maraqlarına ciddi hədə ola bilər (7).
Mərkəzi Asiya ölkələrinin cöğrafi baxımdan təcrid olunmadan qurtara bilmələrinə yardım edəcək üçüncü dövlət İrandır. Qeyd etmək lazımdır ki, regionun əsas təbii ehtiyatlarının Xəzər dənizi hövzəsində toplanması baxımdan, İran Xəzər dənizi hövzəsi ölkələrini Fars körfəzi ilə, Orta Asiyanı Mərkəzi və Cənubi Asiya ilə əlaqələndirən həlqə kimi çox mühüm əhəmiyyət kəsb edir. Lakin Qərbin, ilk növbədə isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən Mərkəzi Asiya enerji daşıyıcılarının İran ərazisi ilə ixracı üçün investisiya cəlb etmək mümkün deyil, İranın özünün isə bu məsələni reallaşdırmağa kifayət edəcək qədər vəsaiti yoxdur. Ümumiyyətlə, belə hesab olunur ki, regionda geosiyasi iştlrakını təmin edə bilmək üçün İranın əməkdaşlıq edə biləcəyi ölkələr sırasına Rusiya, Çin, Hindistan və Avropa dövlətləri aid edilə bilər. İranın regionda ənənəvi rəqibləri də olmamış deyil – Pakistan, Səudiyyə Ərəbistanı və müəyyən dərəcədə Türkiyə. Analitiklərin qənaətinə görə, İran cəmiyyətində artmaqda olan ideoloji parçalanma, adlarını qeyd etdiyimiz ölkələr və ABŞ-la davam etməkdə olan ziddiyyətlər onun Mərkəzi Asiya regionu ilə bağlı uzun müddətli siyasət yeritməsinə mane olacaq səbəblərdir (4).
SSRİ-nin dağılmasına qədər iki qütblü olan dünyanın sonradan Amerikanın lider olduğu bir qütblü dünyaya çevrilməsi haqda fikirlə demək olar ki, əksər tədqiqatçılar razıdırlar. Lakin bununla razılaşmayıb, əksinə SSRİ-nin dağılmasından sonrakı dünyanın çox qütblü olduğunu iddia edənlər də var. Bu fikrin tərəfdarlarına görə, Mərkəzi Asiya ilə həmsərhəd regionlar müxtəlif xarakterlidirlər. Məsələn, Asiya – Sakit okean regionu çox qütblüdür və bu regionda Yaponiya, Çin və Rusiya ABŞ ağalığına qarşı dayanmağa çalışırlar. Adətən yüksək gərginliyin hakim olduğu Yaxın və Orta Şərqdə ABŞ üstün mövqeyə malikdir. Cənubi Asiyada Hindistan ABŞ ağalığına qarşı dayanmağa çalışır. Lakin öz növbəsində Çin və Pakistan da Hindistana əks mövqe nümayiş etdirirlər. Avropa isə Şərqi Avropa və Baltikyanı ölkələrin də NATO-ya üzv olmasından sonra tamamilə ABŞ-ın dominantlığı altındadır. Lakin bütün bü iddialara baxmayaraq bir məsələni diqqətə almamaq mümkün deyil: Mərkəzi Asiya ətrafı regionlarda nə baş verirsə versin, bütün məsələlərdə ABŞ aparıcı, bəzən isə hətta həlledici mövqe nümayiş etdirir. Bu isə o deməkdir ki, yeni dünya düzəninin necə olacağı haqda mübahisələrin hələ də davam etdiyinə baxmayaraq, atlantizm, yaxud avrasiyaçılıq fikrlərinin üstün olacağından asılı olmayaraq, özünün iqtisadi və hərbi-siyasi imkanlarına görə ABŞ hələ də dünya ağalığına iddia edə biləcək yeganə super dövlətdir.
Yeri gəlmişkən, region dövlətləri olan Hindistan Pakistan arasındakı rəqabət haqda maraqlı bir məqamı diqqətə çatdırmaq istərdik. Hər iki dövlət nüvə dövləti olmaqla regionda söz sahibi olmağa çox iddialıdırlar. Pakistanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin möhkəmlənməsi bir tərəfdən onun Cənubi Asiya regionunda təsir gücünün artmasına kömək edə bilər, digər tərəfdən isə Hindistana qarşı mübarizəsində “qardaş müsəlman dövlətləri”nin dəstəyini qazanmış olar. Və nəhayət, digər region dövlətləri Türkiyə və İranla mübarizədə mövqeləri daha da güclənmiş olar. Bu baxımdan Pakistan Mərkəzi Asiya dövlətləri ilə siyasi-iqtisadi əməkdaşlığının intensivləşməsində maraqlıdır və məqsədinə regionun nəqliyyat əlaqələrinin formalaşmasında iştirakla nail olmaq istəyir. Qeyd edək ki, Pakistan Əfqanıstan ərazisindən keçməsi nəzərdə tutulan magistral yollara xüsusi əhəmiyyət verir. Lakin Pakistanın öz maraqlarını təmin etməsi istiqamətində fəaliyyətinə mane olan bir çox səbəblər var ki, bunlar da – maliyyə çatışmazlığı, ölkə daxili siyasi sabitliyin olmaması,  Hindistanla
ziddiyyətlər və əfqan münaqişəsinə cəlb olunmasıdır. Əfqan istiqaməti ümümiyyətlə Pakistanın xarici siyasətinin mühüm istiqamətlərdən biridir. Hətta belə fikirlər mövcuddur ki, Pakistan öz maraqlarını təmin etmək üçün Taliban hərəkatının yardımından istifadə də edir. Lakin Əfqanıstanda hazırki vəziyyət, islamçı qruplaşmaların Mərkəzi Asiya dövlətlərinə artan təzyiqi və qeyri-sabitlik Pakistanın onlarla əlaqələrinin qurulmasına mane olur və hətta, müəyyən dairələrdə, Pakistanın təcrid olunmasına gətirib çıxara biələcəyi haqda fikirlər də eşidilməyə başlanıb. Hindistan mövcud vəziyyətdən özünün xeyrinə istifadə etməyə çalışır. Belə ki, regionun müsəlman ölkələri arasında kifayət qədər həmrəyliyin olmamasından istifadə edərək, ayrı-ayrılıqda onların hər birini İranla əlaqələri inkişaf etdirməyin, həmçinin təbii ehtiyatlarının İranın tranzit xidmətlərindən istifadə etməklə ixracının daha faydalı ola biləcəyinə inandırmağa çalışır (1, s.181). Ümumilikdə, Hindistanın Mərkəzi Asiya ilə əlaqələrinin göstəricisi olaraq 1999-cu ildə Hindistan Xarici İşlər nazirinin regiona səfəri göstərilir ki, bu səfərlər çərçivəsində Hindistanın region dövlətləri ilə ümumi maraqlarının olduğu xüsusi qeyd edilmişdi – regional təhlükəsizlik məsələləri, əfqan məsələsinin nizamlanması, dini ekstremizm, terrorçuluq və narkobiznes əleyhinə mübarizə. Hindistanın nüvə ölkəsi olduğu, əhalisinin sayına görə dünyada Çindən sonra 2-ci yerdə olduğu, müasir texnologiyalara sahib olduğu, bunlardan əlavə nəqliyyat layihələrinə cəlb olunması nəzərə alınaraq, bir müddət sonra onun regionda nüfuzunun artacağı ehtimalları irəli sürülür. İstisna edilmir ki, Hindistan bölgədə Rusiya, Çin və ABŞ-ın maraqlarının balanslaşdırılmasında da mühüm rol oynaya bilər (4).
Qərbi Avropa ABŞ-la müttəfiqdir və bütün məsələlərdə onunla daha çox əməkdaşlıq etməyə üstünlük verir, nəinki rəqabətə. Bu, həmçinin regionda maraqları olan Türkiyəyə də aiddir. ABŞ regionun enerji daşıyıcılarının nəqli məsələlərində Türkiyəyə böyük önəm verir. ABŞ belə hesab edir ki, Qafqaz və Əfqanıstan ərazisindən keçməsi nəzərdə tutulan nəqliyyat dəhlizlərindən başqa, bütün digər layihələr region dövlətləri olan Rusiya, Çin, yaxud İranın mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər ki, bu da heç cür onun maraqlarına uyğun deyil. Geosiyasi baxımdan Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir və ABŞ bundan istifadə edərək onu regionda Amerika siyasətinin həyata keçirilməsində əsas dövlət olaraq görür (4).
Bu yanaşma özünü XX əsrin 90-cı illərinin əvvəllərində də açıq şəkildə göstərirdi. Belə ki, müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya dövlətləri özlərinin gələcək inkişaf strategiyalarını müəyyənləşdirərkən ciddi seçim qarşısında qalmışdılar: yaranmış şəraiti düzgün qiymətləndirməli, dünya siyasətinin güc mərkəzləri arasındakı (ABŞ, Avropa Birliyi, Rusiya, Şərqi Asiya ölkələri) mənafe və maraq çəkişmələrində özlərinin suverenliklərini qoruyub saxlamaq məqsədilə düşünülmüş xarici siyasət kursu yeritməli idilər. Bir çox yeni dövlətlər üçün dünya dövlətləri arasında lider olan ABŞ-ın siyasi sistemi, iqtisadi modeli daha cəlbedici görünürdü. Bu məsələdə ABŞ-ın “soyuq müharibə”dən qalib çıxması faktı da mühüm rol oynayırdı. ABŞ modeli ilə yanaşı, XX əsrin sonlarında artıq dünya siyasətinin güc mərkəzləri kimi formalaşmış Avropa və Asiya dövlətləri qrupunun da inkişaf modelleri mövcud idi (bu barədə daha ətraflı bax: 9; 10). Belə bir şəraitdə, 1992-ci ilin əvvəllərində Türkiyənin o vaxtki Baş naziri Süleyman Dəmirəl Davosda keçirilən Dünya İqtisadi Forumunda (30 yanvar – 2 fevral 1992) türk dövlət başçıları ilə görüşlərində və bundan dərhal sonra ABŞ-da rəsmi səfərdə (10 – 15 fevral 1992) olarkən Amerika rəsmiləri ilə görüşlərində keçmiş Sovetlər Birliyinin müsəlman dövlətləri üçün Türkiyə inkişaf modelnin məqsədəuyğun olduğu haqda fikir söyləmişdi. S.Dəmirəl bunu belə əsaslandırmışdı ki, Sovetlər Birliyinin dağılmasından sonra Amerika Birləşmiş Statları Rusiya və Ukrayna, Qərbi Avropa dövlətləri ilə  Şərqi  Avropa  dövlətlərində gedən proseslərə daha çox maraq göstərir, onları  öz  nüfuz
dairəsində saxlamağa çalışırlar. Müsəlman dövlətləri isə bir qədər diqqətdən kənarda qalıblar. Həmin dövlətlərin inkişafı üçün Türkiyə inkişaf modelinin təklif olunması heç də o demək deyil ki, Türkiyə həmin dövlətlərdə təkbaşına nüfuz sahibi olmaq niyyətindədir. Türkiyədə yaxşı bilirlər ki, müasir dünyada təkbaşına, kənardan yardım olmadan inkişaf mümkün deyildir. Bu baxımdan, keçmiş birliyin müsəlman dövlətlərinə onların gələcək inkişafında məhz ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqi olan Türkiyənin yardımçı olması daha məqsədəuyğun olardı. Problemə belə yanaşma şübhəsiz ki, ABŞ-ı da təmin edirdi. Və artıq həmin vaxtdan rəsmi görüşlərdə və mətbuatda inkişafın “Türkiyə modeli” haqda tövsiyələr eşidilməyə başlandı (2, s.12-17; 3, s.143-158, 404-405). Bunun məntiqi davamı kimi, Avropa Şurası da keçmiş SSRİ-nin müsəlman dövlətləri üçün “İslamın və müasir dövlət qurumlarının uzlaşdığı Türkiyə modeli”ni daha məqbul hesab etdiyini bildirdi. 1992-ci ilin may ayında Avropa Şurasının Baş katibi Katrin Lalyumber Qərb ölkələrini Türkiyənin Orta Asiya respublikalarına kömək etmək səylərini müdafiə etməyə çağırdı (3, s.36). Dünya mətbuat orqanlarında da bu məsələ ilə bağlı müxtəlif fikirlər bildirilirdi. Belə ki, “Nyu-York Tayms” qəzetində bildirilirdi ki, “diplomatik planda Türkiyənin Orta Asiya respublikaları – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, habelə Azərbaycanla tarixi etnik əlaqələri onun bu ölkələrlə münasibətlərinin inkişafı üçün xüsusi şətrləri təmin etməlidir. Həmin əlaqələrin inkişafı Səudiyyə Ərəbistanı və İranın İslam fundamentalizmini yaymaq səylərinin əksinə yönəlib” (3, s.36).
Özlərinin hərbi-siyasi və iqtisadi səviyyələrinə görə Mərkəzi Asiyada ABŞ ağalığına qarşı dayana biləcək, onunla rəqabət apara biləcək imkanlara malik olan Rusiya və Çindən fərqli olaraq İrana münasibət özünəməxsusluğu ilə diqqəti çəkir. ABŞ İranı regionda özü üçün rəqibdən daha çox, ciddi maneə hesab edir. Rusiya və Çin qədər gücə malik olmasa da, özünün əlverişli geostrateji mövqeyinə görə İran ABŞ üçün həm Mərkəzi Asiyada (Xəzər hövzəsi dövləti olmaqla), həm də Yaxın və Orta Şərqdə (region ölkələrinə təsir etmə gücünə malik olmasl ilə) mühüm çətinliklər törədə bilir. ABŞ İrana münasibətdə siyasətində əslində iqtisadi sanksiyaların tətbiqi ilə kifayətlənmir. Ümumilikdə, bu siyasət İranın region dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində İranın fəaliyyətini məhdudlaşdırmağa yönəlib. Bu məqsədlə, ABŞ Mərkəzi Asiya regionu enerji daşıyıcılarının İran ərazisindən keçməklə dünyanın digər regionlarına ixracı üçün boru kəmərlərinin çəkilməsi məqsədilə irəli sürülən layihələrin reallaşmasına mane olur (11). Belə ki, neft-qaz kəmərlərinin diversifikasiyasının 4 mümkün marşrutundan Cənub marşrutu məhz regionda İranın nüfuzunun artmasına gətirib çıxara biləcəyi səbəbindən çox da müzakirə olunmur (12). Ümumilikdə İran ABŞ-ın Mərkəzi Asiya regionunda siyasətinə mühüm təsir göstərən dövlətdir deyə bilərik.
Beləliklə, Mərkəzi Asiya regionunda siyasi və iqtisadi proseslərin əsas hərəkətverici qüvvəsi olaraq ABŞ, Rusiya və Çini götürsək, belə nəticəyə gəlmək olar ki, regionun gələcək taleyi daha çox elə bu üç dövlətin istəyindən asılı olacaq. Yuxarıda deyilənləri nəzərə alaraq, bu dövlətlərin regionda toqquşan və üst-üstə düşən maraqlarıni aşağıdakı kimi qruplaşdıra bilərik.
1.ABŞ-ı Mərkəzi Asiya regionuna daha çox özünün strateji prioritetlərinin və maraqlarının təmin olunmasına xidmət edən geosiyasi mülahizələr cəlb edir. Şübhəsizdir ki, ABŞ Mərkəzi Asiyanı özünün nüfuz dairəsində görmək istəyərdi. Lakin hazırki reallıqlardan çıxış edərək, ABŞ daha çox regionda onun nüfuzunu zəiflədə biləcək dövlətlərin olmamasına çalışır.
2.Çinin və Rusiyanın regionda ABŞ-ın güclənməsini istəməməkdə maraqları üst-üstə
düşür. Eyni zamanda, hər iki dövlət regionun mühüm problemləri üzrə əməkdaşlıq təşkilatı olan Şanxay Əməkdaşlığı Təşkilatının yaradıcılarıdırlar. Lakin buna baxmayaraq, bir-birlərinin rəqibi olduqlarını da unutmurlar.
Ümumilikdə isə, toqquşan maraqların olduğuna baxmayaraq, hər üç dövlət lazım gəldiyində, yəni maraqları üst-üstə düşdüyüyndə razılığa da gələ bilirlər. Məsələn, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra terrora qarşı kampaniya çərçivəsində ABŞ hərbi bazalarının Mərkəzi Asiyada yerləşdirilməsi məsələsində olduğu kimi. Bu məsələ ilə bağlı maraqlı fikirlər də mövcuddur. Bəzi tədqiqatçılara görə, əgər nəzərə alsaq ki, keçmiş SSRİ ərazilərində hərbi bazalarının yerləşdirilməsi ABŞ-ın strateji məqsədlərindən biri idi, onda belə hesab etmək olar ki, baş verən hadisələr sadəcə təsadüf olmayıb (13).
Yeni dünya düzəninin yarandığı şəraitdə ABŞ, Yaponiya, Avropa Birliyi artıq dünyanın iri siyasi, iqtisadi və maliyyə mərkəzləri idilər və soyuq müharibə dövründə formalaşmış müttəfiqlik öhdəlikləri ilə bağlı idilər. Soyuq müharibə başa çatdıqdan, Varşava Müqaviləsi Təşkilatı buraxıldıqdan və SSRİ dağıldıqdan sonra da, yəni NATO-ya, Asiya – Sakit Okean regionu və Cənub-Şərqi Asiyanın təhlükəsizliyi haqda Yaponiya – Amerika müqavilələri və bəzi digər  məsələlərə əvvəlki qədər kəskin ehtiyac hiss edilmədiyi bir vaxtda da bu əməkdaşlıq mövcuddur, hətta dövrün reallıqlara uyğun yenilənməyə də davam edir.
Avropa İttifaqı Mərkəzi Asiyaya münasibətdə ehtiyatlı siyasət yeridir ki, bu da Aİ-nin xarici siyasət fəaliyyətini formalaşdıran dairələrdə ümumilikdə avrasiya məkanında baş verən və baş verə biləcək dəyişikliklərə ehtiyatlı yanaşmanın nəticədir. İqtisadi baxımdan Aİ-nin Mərkəzi Asiyada maraqlarının zəif olmasının səbəbi regionun Avropadan uzaqlığından daha çox, Avropa - Mərkəzi Asiya marşrutu üzrə nəqliyyat tariflərinin yüksək olması ilə; müəyyən sahələrdə təhlükəsizliyə hədələrin qalması; dövlətlərarası ziddiyyətlərin mövcudluğu ilə bağlıdır. Aİ Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin inteqrasiyasına böyük maraq göstərir. Aİ-nin Sakit okeana çıxışda, Asiya – Sakit okean regionu ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafında maraqlı olması Mərkəzi Asiya regionu ölkələrinin ərazilərindən nəqliyyat dəhlizi kimi istifadə olunmasını zəruri edir. Qeyd etmək lazımdır ki, “Şərq – Qərb” nəqliyyat layihələrinin müvəffəqiyyətli olmasının səbəbi onların Avropa yönümlü olmalarıdır (o cümlədən maliyyə məsələlərində). Mərkəzi Asiyada, həmçinin Qafqazda həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələrinin əksəriyyəti Avropa Birliyi Komissiyasının komplesk proqramı olan Avropa – Qafqaz – Asiya (TRACEKA) magistralı çərçivəsində reallaşdırılır ki, bu da öz növbəsində Aİ – Mərkəzi Asiya respublikaları ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Bundan başqa, Aİ – Mərkəzi Asiya münasibətlərinin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, bu münasibətlər tarixi ambisiyalarla “ağırlaşmayan” əlaqələrdir. Siyasi baxımdan, ilk növbədə isə təhlükəsizlik baxımından Aİ-nin region ölkələri ilə münasibətlərinin etibarlılıq göstəricisi odur ki, Mərkəzi Asiya dövlətləri hamısı ATƏT-in üzvləridirlər. Bu üzvlük onların hər birinə istənilən Avropa dövləti ilə vasitəçi olmadan, birbaşa əlaqələr qurmağa imkan verir. Avropalı analitiklər Aİ-nin Mərkəzi Asiya ilə münasibətlərinin inkişafı iqtisadi və siyasi inkişaf baxımdan Aİ üçün çox əhəmiyyətli olacağı fikrindədirlər (12).
Yaponiya. SSRİ-nin dağılması, dünya sosialist sisteminin çökməsi bir çox dövlətlərdə yaranmış yeni geosiyasi boşluqları doldurmaq istəyi yaratdı. Bu baxımdan Yaponiya xususi maraq kəsb edir. Belə ki, hazırda Yaponiya özünün iqtisadi, maliyyə və texniki imkanları baxımından dünya miqyasında ABŞ-dan sonra ikinci güclü dövlətdir. Müharibədən sonrakı dövrdə Yaponiyanın beynəlxalq münasibətlərdə mövqeyini şərtləndirən bir neçə məqam var idi ki, bunlardan biri onun  “sülhsevər  konstitusiyası” idi.  Konstitusiyaya  görə  Yaponiya
münaqişələrin həlli üçün hərbi qüvvədən istifadədən imtina etmişdi. Digər bir məqam, Yaponiyaya hər hansı dövlət tərəfindən təcavuz olacağı təqdirdə ona ABŞ-ın dəstəyini nəzərdə tutan Təhlükəsizlik haqda Yaponiya-ABŞ müqaviləsi imzalanmışdı. Bu müqaviləyə münasibət birmənalı deyil. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, bu müqavilə ilə ABŞ əslində Yaponiyanı özündən asılı vəziyyətə salmışdı. Başqa bir fikrə görə isə, bu müqavilə Yaponiyanın müdafiə xərclərini azalda bilməsinə imkan vermişdi ki, bu da öz növbəsində ölkənin iqtisadi inkişafında mühüm rol oynamışdı. Bir qədər sonra isə Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi onun ABŞ-la münasibətlərinin xarakterinə də təsir etdi. Yaponiyanın hərbi müdafiəsini təmin etməyə davam edən ABŞ, bunun müqabilində özünün hərbi-müdafiə sənayesinin təmin olunmasında yapon maliyyəsi və sənayesinin imkanlarından istifadə etməyə başladı (11).
Bu baxımdan Yaponiya ilə ABŞ arasındakı mövcud qarşılıqlı fəaliyyət mexanizmi yeni dünya düzəni şəraitində də əhəmiyyətini itirmədi. Hətta Avropa ilə müqayisədə, Yaponiya təsir dairəsini genişləndirməyə başladı. Artıq təkcə Asiya – Sakit Okean regionu deyil, özü üçün yeni olan Mərkəzi Asiya regionuna da iddia etməyə başladı. Buna müvafiq olaraq, ABŞ-la ümumi təhlükəsizlik məsələlərində də yeni nüanslar meydana çıxmış oldu. Belə ki, yeni şəraitdə Çinin hərbi və iqtisadi potensialının artması Asiya – Sakit okean regionunda Yaponiyanın ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığını şərtləndirən mühüm amillərdən biri oldu. Digər bir səbəb kimi, Rusiyanın da Asiya – Sakit okean regionuna iddialarını qeyd etmək mümkündür. Bu maraqlar yalnız Asiya – Sakit okean regionunda toqquşmur. Mərkəzi Asiya regionu da toqquşan maraqlar sırasında yer alır. ABŞ, özünün həqiqi dünya ağalığı istəyini zərbə altına qoya biləcəyindən ethiyat etdiyi iki dövlətin: Mərkəzi Asiya regionunu Avropa ilə birləşdirən Rusiyanın və Sakit Okean regionu ilə birləşdirən Çinin regionda heç bir formada güclənməsini istəmir. Bütün bu səbəblər isə, Yaponiya ilə ABŞ-ın Mərkəzi Asiya regionunda vahiq strateji məqsədlərinin olduğu qənaətini təsdiq edir.
Yeri gəlmişkən qeyd edək ki, Yaponiya yalnız Mərkəzi Asiya regionunda öz iddialarını irəli sürməklə kifayətlənmir. Eyni zamanda, beynəlxalq aləmdə özünün iqtisadi cəhətdən dünyanın ikinci dövləti olmaq statusuna uyğun olaraq daha layiqli yer tutmağa çalışır . Bu istiqamətdə iddialarından biri də BMT Təhlükəsizlik Şurasında daimi üzvlərdən biri olmaq istəyidir. XX əsrin 90-cı illərində dünyanın siyasi xəritəsində yeni müstəqil dövlətlərin meydana çıxması, yeni dünya düzəninin yaranması Yaponiyanın da öz fəaliyyətində yeni istiqamətlər nəzərdən keçirməsinə səbəb oldu: BMT çərçivəsində əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq, qlobal xarakterli problemlərin həllində iştirak və s. (19) Bütün bu istiqamətlər, həmçinin Yaponiyanın digər fəaliyyətləri onun bütün dünya miqyasında, o cümlədən də Mərkəzi Asiya regionunda öz maraqlarına uyğun xarici siyasət fəaliyyətini həyata keçirməsinə xidmət edir. Mərkəzi Asiya regionunda siyasəti Yaponiyanın ümumilikdə dünya siyasətinin tərkib hissələrindən biridir və öz maraqları ilə bərabər, müttəfiqi olan ABŞ-ın da regionda maraqlarının təmin olunmasına yardım edən vasitədir.
Bütün bü geosiyasi maraqlar fonunda Mərkəzi Asiya dövlətlərinin özlərinin hansı seçimi edəcəkləri çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mərkəzi Asiya regionunun unikal geostrateji yerləşməsi, dünyanın güc mərkəzlərinin və regional dövlətlərin bölgədə birgə fəaliyyətinin güclənməsi əsas verir deyək ki, Mərkəzi Asiya regionu postsovet məkanında təhlükəsizlik baxımından əsas məkanlardan biridir. Mərkəzi Asiya regionu həmçinin Avrasiya materikində sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyətə malikdir. Regionun özü üçün təhlükəsizliyin vacib şərtlərindən biri, regiondaxili inteqrasiya, nəqliyyat-kommunikasiya   məsələlərində   razılaşdırılmış   siyasət   yeridilməsi,   istilik-enerji  və  su
ehtiyatlarının istismarı, əhalinin dini-mənəvi dəyərlərinə münasibət, dini ekstremizm əleyhinə mübarizə məsələlərində əməkdaşlığın güclənməsi ola bilir. Bu məsələ Mərkəzi Asiya dövlətləri arası münasibətlərdə, müxtəlif səviyyəli görüşlərdə də dəfələrlə qeyd edilir. Belə görüşlərdən biri haqda.
2010-cu il dekabr ayının 1-2-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in 56 üzv dövlətindən nümayəndələrin iştirakı ilə növbəti sammiti keçirildi. Sammitdə Avropada təhlükəsizlik və əməkdaşlıq sahəsində daha çox narahatlıq doğuran məsələlər müzakirə edildi və yekun olaraq Astana bəyannaməsi qəbul edildi. Qazaxıstan Prezidenti N.Nazarbayev “Təhlükəsiz cəmiyyətə döğru” adlanan bu bəyannaməni şərh edərkən “bu sənəd xalqlarımızın daha təhlükəsiz dünya arzularına tamamilə cavab verir və hamımızın ümumi uğurudur” (14) deməsinə baxmayaraq, Astana sammitində razılıq əldə olunmayan məsələlər də var idi: Gürcüstanda, Moldovada, Azərbaycanda mövcud münaqişələr haqda razılıq əldə etmək mümkün olmadı (14; 15).
Yekun bəyannamədə müasir dünyanın bir çox aktual problemləri haqda fikirlər irəli sürülüb, onlara toxunmayacağıq. Yalnız Mərkəzi Asiya dövlətlərinin təhlükəsizliyi, onların dünya dövlətləri ilə münasibətləri baxımından əhəmiyyətli olan müddəalar haqda fikrimizi bildirəcəyik. Diqqət çəkən məqamlardan biri – avroatlantik və avrasiyaçı təhlükəsizlik sistemlərinin əlaqələndirilməsi fikridir: “ATƏT-ə üzv dövlətlər razılaşdırılmış prinsiplər, ümumi öhdəliklər və ümumi məqsədlərə əsaslanan azad, demokratik, vahid və bölünməz Avroatlantik və Avraziya təhlükəsizlik cəmiyyəti qurulması ideyası tərəfdarı olduqlarını bir daha təsdiq etdiklərini bəyan edirlər” (16). Sənəddə qeyd olunur ki, hələ də region dövlətləri üçün ciddi təhlükələr və hədələr qalmaqdadır. Dövlətlərarası münasibətlərdə inamsızlıq, təhlükəsizlik məsələlərinə münasibətdə fikir ayrılıqlarına son qoymağa cəhd edilməlidir. İnsan haqları və azadlıqlarına, demokratiya prinsiplərinə, qanunun aliliyinə hörmət edilməlidir. Qarşılıqlı əməkdaşlıq genişləndirilməli, regionun iqtisadi və ekoloji təhlükəsizliyinə mövcud hədələrə qarşı birgə mübarizə gücləndirilməlidir. Yeni münaqişələrin yaranmasına imkan verilməməlidir və s. Ümumiyyətlə, Astana sammitinin nəticələri müzakirə olunarkən, Mərkəzi Asiya dövlətləri üçün gəlinən nəticə aşağıdakı kimi olmuşdur: yaxın gələcəkdə Mərkəzi Asiya regionu dövlətlərinin beynəlxalq durumuna və təhlükəsizlik vəziyyətinə qonşu dövlətlərin pisləşməkdə olan geopolitik durumu mühüm təsir göstərəcək. Mərkəzi Asiya dövlətləri istəklərindən asılı olmayaraq, regionun ətrafında baş verən hadisələr burulğanına cəlb oluna bilərlər. Mütəxəssislərin fikrinə görə, regionda artmaqda olan qeyri-sabitlik və sosial-siyasi inkişafda baş verə biləcək gözlənilməzliklər Mərkəzi Asiya dövlətləri üçün əsas təhlükə mənbəyidir. Buna görə də, region dövlətləri öz siyasətlərində ciddi düzəlişlər etməli, baş verə biləcək hadisələrə vaxtında müdaxilə edə bilmək üçün müvafiq mexanizmlər hazırlamalıdırlar (17).



ƏDƏBİYYAT
1. Бжезинский З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. Москва: Международные отношения, 2009. – С.280.
2. Bağımsızlığın ilk yılları (Azerbaycan, Kazakistan, Kırğızistan, Özbekistan, Türkmenistan). T.C.Kültür Bakanlığı Milli Kütüphane Basımevi. Ankara, 1994. –s.298.
3. Ruintən S. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı illəri). Bakı: Adiloğlu nəşriyyatı, 2005. –s.236.
4. В.Парамонов. Геополитика и центральная Азия –

5. Alexander Cooley. The New Great Game in Central Asia / Foreign Affairs. Published by the Council on Foreign Relations - http://www.foreignaffairs.com/articles/137813/alexander-cooley/the-new-great-game-in-central-asia
6. NATO and Central Asia. The two elephants that never meet / EUCAM Watch No.11. Issue 11 - February 2012 - http://www.eucentralasia.eu/fileadmin/user_upload/PDF/Newsletters/EUCAMWatch-11.pdf
7. Alexandros Petersen, Katinka Barysch. Russia, China And The Geopolitics Of Energy In Central Asia. Centre for European Reform, 2011. P.70 - http://www.cer.org.uk/sites/default/files/publications/attachments/pdf/2011/rp_010-4118.pdf
8. Китай и центральноазиатские страны: вместе открыть новую страницу в истории дружбы, сотрудничества и развития - http://russian.china.org.cn/international/archive/zhongya/txt/2004-11/18/content_2143271.htm
9. Чешков М. Постсоветская Центральная Азия в трех измерениях: традиционализация, периферизация, глобализация // Центральная Азия и Кавказ, 1998 №13 - http://www.ca- c.org/datarus/infoduction.shtml
10. Эсенов М. Формирование внешнеполитического курса Туркменистана (по­литологический анализ). М., 1994 // http://www.ca- c.org/datarus/infoduction.shtml
11. Особенности геополитического пространства Центральной Азии -
12. Акежан КАЖЕГЕЛЬДИН. Глобальная дуга безопасности. Как Россия и Каспий могут сделать мир стабильным - http://www.iicas.org/page.php?c=publrus&id=52
13. Богатуров А.Д. Американизация Центральной Азии? // Восток. – 2003. –№3. – С.94
14. На саммите ОБСЕ принята Астанинская декларация - http://www.pravda.ru/news/world/02-12-2010/1059589-declare-0/
15. Принята итоговая декларация Астанинского саммита ОБСЕ - http://www.1news.az/politics/20101202100231711.html
16. Astana Commemorative Declaration “Towards A Security Community”. OSCE Summit Meeting Astana, 3 December 2012/ p.1. - http://www.osce.org/cio/74985?download=true
17. «Астанинская декларация ОБСЕ» связала евро-атлантическую и евро-азиатскую системы безопасности - http://www.zakon.kz/4520547-astaninskaja-deklaracija-obse-svjazala.html
18.Türk dış politikasının analizi. Deyerleyen Doç.Dr.Faruk Sönmezoğlu. İstanbul, Der Yayınları, 1994. –s.520.
19. Эссен Усубалиев. Политика Японии в Центральной Азии – геополитический аспект - http://www.geopolitics.ru/common/publics/074.htm












СЕВИНДЖ РУИНТАН
д.ф.и.н.,
доцент Бакинского Государственного Университета
ДЖАВИД АЛИСКАНДАРЛИ
Бакинский Государственный Университет

ЦЕНТРАЛЬНОАЗИАТСКИЙ РЕГИОН
В СИСТЕМЕ ГЕОПОЛИТИЧЕСКИХ ИНТЕРЕСОВ
В ПЕРИОД НОВОГО МИРОВОГО ПОРЯДКА

Изменения, произошедшие на геополитический карте мира в результате распада СССР, возникновения независимых государств Казахстана, Киргизии, Узбекистана, Туркмении и Таджикистана в Центральной Азии привели к формированию новой геополитический ситуации в регионе.  Ранее, точнее с начала 30-х годов XVIII века – до 1917 года регион находился в сфере интересов России. В 1917 году после свержения монархии в России, пришедшие к власти большевики обманув доверие народов региона не дали им обещанное право на самоопределение, а наоборот совершили второй захват региона, на этот раз  со стороны советской России. В 1922 – 1991 годах государства региона находились в составе СССР. Распадом СССР в 1991 году регион был включен в сферу интересов мировых государств. Сегодня процессы, происходящие в центральноазиатском регионе могут вызвать изменения в геополитическом балансе сил на всем евразийском континенте. В свою очередь, внешнеполитическая активность ведущих мировых государств является одним из основных факторов, влияющих на процессы, происходящие в Центральной Азии. В рамках данной статьи прослеживаются интересы мировых государств в центральноазиатском регионе, также интересы государств региона и их внешнеполитическая деятельность, направленная на реализацию этих интересов.

SEVINJ RUINTAN
Phd, assotieted professor of Baku State University
JAVID ALISGANDARLI
Baku State University

CENTRAL ASIAN REGION IN THE SYSTEM OF GEOPOLITICAL INTERESTS IN THE PERIOD OF NEW WORLD ORDER

Changes, occurred in the geopolitical map of the world at the result of the collapse of the USSR, establishment of new independent states, such as Kazakhstan, Kyrgyzstan, Uzbekistan, Tajikistan and Turkmenistan in Central Asia caused to the formation of new geopolitical circumstances in the region. Earlier, exactly, in the beginning of 30s of 18th century-till the year of 1917 this region was in the context of interests of Russia. In 1917, after the decline of monarchy in Russia, Bolsheviks, who came to the reign deceived the belief of nations of this region and didn’t give them the promised rights about self-determination, conversely, they realized the second invasion of the region; in this time, by the Soviet Russia. In 1922-1991s the states of the region was under the subordination of the USSR. At the result of the collapse of the USSR in 1991 the region was included to the sphere of interests of world
states. Today, the processes, occurring in the Central Asian region are able to change the geopolitical balance of powers in the whole Eurasian continent. On the other side, the activity of leading world states in foreign affairs is one of the major factors, which inflict to the process, happening in Central Asia. There are examined the interests of world states in Central Asian region, as well as the interests of the states in this region and their foreign activity, directed to the realization of these interests in the frame of the article.

Rəyçilər: t.e.d.A.R.Göyüşov, t.e.d.M.B.Fətəliyev
            Bakı Dövlət Universitenin Türk xalqları tarixi kafedrasının 19 oktyabr 2012-ci il tarixli iclasının qərarı ilə (protokol №03) çapa məsləhət görülmüşdür.

Day 23: GRE Vocabulary, Success Journal, Kick-Boxing, Balance of life

Learning new words has been something I never enjoyed. The idea of having to write a vocabulary, and memorize words always irritated me. How...